SİYASƏT


Azərbaycan və Efiopiya mediasının əməkdaşlığı birbaşa xəbər mübadiləsini təmin edə bilər VİDEO

A+ A

Bakı, 27 sentyabr, AZƏRTAC

Azərbaycan və Efiopiya mediası arasında əməkdaşlıq iki ölkənin həyatına dair birbaşa xəbər mübadiləsini təmin edə bilər.

Bu fikir V Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Efiopiyanın FANA teleradio şirkətinin baş icraçı direktoru Voldu Baraki ilə AZƏRTAC-da keçirilən görüşdə səslənib.

AZƏRTAC-ın baş direktoru Aslan Aslanov efiopiyalı qonağa dinamik inkişaf edən Azərbaycanda həyata keçirilən demokratik islahatlar barədə məlumat verərək bildirib ki, ölkə mediası hazırda tam azad və sərbəst şəkildə fəaliyyət göstərir. Demokratik mühitin yaratdığı imkanlar Azərbaycan mediasının beynəlxalq əlaqələrinin genişlənməsinə də yol açır.

Efiopiyanın Afrika qitəsində aparıcı dövlətlərdən biri olduğunu vurğulayan baş direktor deyib ki, AZƏRTAC bu ölkənin aparıcı xəbər agentliyi və digər media strukturları ilə əlaqələrin qurulmasında maraqlıdır. İnformasiya sahəsində əməkdaşlıq Azərbaycan və Efiopiya ilə bağlı birbaşa informasiya mübadiləsinin təmin edilməsinə və xalqlarımızın bir-birini daha yaxından tanımasına xidmət edər. Eyni zamanda vurğulanıb ki, bu il noyabrın 15-17-də Bakıda keçiriləcək Dünya Xəbər Agentliklərinin V Konqresində Efiopiyanın informasiya agentliklərinin iştirakı ikitərəfli münasibətlərin qurulması üçün yeni imkanlar açacaq.

Voldu Baraki Azərbaycanın müstəqillik illərində böyük inkişaf yolu keçdiyini, digər ölkələr üçün nümunə ola biləcək inkişaf modeli formalaşdırdığını qeyd edib. O, həmçinin Azərbaycanda mətbuat azadlığının, habelə tolerant mühitin mövcudluğuna diqqət çəkib. “Azərbaycanda media azaddır. Bunun şəxsən şahidi oldum. Adətən biz ölkələrimiz haqqında məlumatları Qərb mətbuatından alırıq. Amma yaxşı olardı ki, bunu biz birbaşa öz media qurumlarımız vasitəsilə edək. Efiopiyada olduğu kimi, Azərbaycanda da müxtəlif xalqlar, dinlər sülh şəraitində yaşayır və bu, böyük dəyərdir”, - deyə V.Baraki qeyd edib.

Görüşdə qonağa Bakı Beynəlxalq Humanitar Forumu haqqında məlumat verilib, müasir mətbuatın və sosial medianın inkişafı tendensiyaları barədə fikir mübadiləsi aparılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.