SİYASƏT


Azərbaycan və Fələstin Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib

A+ A

Bakı, 16 fevral, AZƏRTAC

Fevralın 16-da Azərbaycan Respublikası və Fələstin Dövləti Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məsləhətləşmələrdə Azərbaycan Respublikasını xarici işlər nazirinin müavini Xələf Xələfov, Fələstin Dövlətini isə xarici işlər nazirinin Asiya, Afrika və Avstraliya məsələləri üzrə müavini Mazen Şamiya təmsil edib.

Xələf Xələfov ölkəmiz ilə Fələstin arasında tarixi köklərə malik olan əlaqələrin uğurla inkişaf etdiyini bildirib. O, Azərbaycanın beynəlxalq səviyyədə Fələstini hərtərəfli dəstəklədiyini vurğulayıb.

Nazir müavini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həmkarına ətraflı məlumat verib.

Mazen Şamiya Fələstinin Azərbaycan ilə bütün sahələrdə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu bildirib. O, Azərbaycanın Fələstinə beynəlxalq səviyyədə verdiyi dəstəyin və göstərdiyi humanitar yardımın ölkəsi tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb.

Mazen Şamiya Fələstinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini bildirərək, regionun lider dövləti kimi Azərbaycanın hərbi və iqtisadi gücünün artmasının münaqişənin sülh yolu ilə həllinə zəmin yaratdığını deyib. Azərbaycanın multikulturalizm, tolerantlıq və dini-mənəvi dəyərlərin qorunub saxlanılması, onların inkişafına böyük töhfə verdiyini bildirən fələstinli nazir müavini Azərbaycanın İslam dünyası üçün bir nümunə olduğunu və İƏT çərçivəsində ölkəmizin gördüyü işlərin yüksək qiymətləndirildiyini vurğulayıb.

X.Xələfov müsəlman dövlətləri arasında islam həmrəyliyinin gücləndirilməsində ölkəmizin rolu və əhəmiyyəti haqqında danışıb, bu xüsusda dövlətimizin başçısının Sərəncamına uyğun olaraq, 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunmasını diqqətə çatdırıb. Həmçinin ölkəmizin 2017-ci ildə IV İslam Həmrəylik Oyunlarına ev sahibliyi edəcəyini bildirən X.Xələfov bütün bu tədbirlər və görüləcək işlərin dövlətimizin, həmçinin Prezident İlham Əliyevin İslam dininə, müsəlman dünyasının həmrəyliyinə verdiyi yüksək dəyərin bariz göstəricisi olduğunu vurğulayıb.

Görüşdə, həmçinin Azərbaycan və Fələstin arasında yüksək qarşılıqlı səfərlərin sayının artırılması, kənd təsərrüfatı, humanitar, turizm, mədəniyyət və təhsil sahələrində əməkdaşlığın gücləndirilməsi, qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi kimi məsələlər müzakirə olundu və bir sıra digər sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsinə yönəlmiş fikir mübadiləsi aparılıb.

Fələstin tərəfi dəvətə və qonaqpərvərliyə görə minnətdarlığını ifadə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.