İQTİSADİYYAT
Azərbaycan və Filippin gömrük xidmətləri arasında məlumat mübadiləsi ilə bağlı müzakirələr aparılıb
Bakı, 29 sentyabr, AZƏRTAC
Azərbaycan və Filippin gömrük xidmətləri arasında ilkin məlumat mübadiləsi ilə bağlı müzakirələr aparılıb.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, müzakirələr Filippin Respublikasının paytaxtı Manila şəhərində Dünya Gömrük Təşkilatının Gömrük sahəsində Akademik Araşdırma və İnkişaf üzrə Tərəfdaşlıq Proqramının (PICARD) növbəti 11-ci illik Konfransı çərçivəsində Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyevlə Filippin Gömrük Bürosunun komissioneri Kapitan Nicanor Faeldon arasında ikitərəfli görüş zamanı baş tutub.
DGT Gömrük sahəsində Akademik Araşdırma və İnkişaf üzrə Tərəfdaşlıq Proqramının (PICARD) illik Konfransının təşkilinə görə filippinli həmkarına təşəkkür edən Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Azərbaycanın bütün sahələrdə uğurla inkişaf etdiyini, bu inkişafa paralel olaraq gömrük sahəsində də mühüm nailiyyətlərin əldə olunduğunu diqqətə çatdırıb. Ölkəmizin yerləşdiyi coğrafi mövqe baxımından beynəlxalq ticarətin həyata keçirilməsində mühüm rol oynadığını bildirən komitə sədri bu istiqamətdə Azərbaycan Gömrük Xidməti tərəfindən gerçəkləşdirilən konkret tədbirlərdən bəhs edib. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə, o cümlədən gömrük sferasında mühüm islahatların həyata keçirildiyini və bir sıra yeniliklərin tətbiq olunduğunu qeyd edən Aydın Əliyev bu yeniliklərin beynəlxalq ticarətin asanlaşdırılması və sürətləndirilməsi, yükdaşımaların təhlükəsizliyinin təmin olunması işinə mühüm töhfələr verdiyini vurğulayıb.
Filippin Gömrük Bürosunun komissioneri Kapitan Nicanor Faeldon Azərbaycan nümayəndə heyətinin ölkəsinə səfərindən məmnunluq hissi ilə bəhs edərək gömrük sahəsində qarşılıqlı əlaqələrin gücləndirilməsi, əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini qeyd edib.
Görüşdə, həmçinin Azərbaycanın idxal-ixrac potensialı, ölkəmizdə istehsal olunan kənd təsərrüfatı məhsulları və onların ixracının həyata keçirilməsi, gömrük xidmətləri arasında ilkin məlumat mübadiləsi və sair bu kimi məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.