MƏDƏNİYYƏT


Azərbaycan və Gürcüstan arasında turizm sektorunda əməkdaşlıq məsələləri müzakirə olunub

Bakı, 16 iyun, AZƏRTAC

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Giorgi Qaxarianın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüş zamanı ölkələr arasında turizm sektorunda ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub, gələcəkdə bu sahədə əlaqələrin daha da genişləndirilməsi üçün birgə işlər görülməsi barədə fikir mübadiləsi aparılıb.

Giorgi Qaxaria Azərbaycanda bu sahədə aparılan yeniliklərdən məlumatlı olduğunu bildirərək, ölkəmizin turizm istiqamətində geniş perspektivlərə malik olduğunu bildirib. Nazir Gürcüstanda həyata keçirilən layihələr haqqında məlumat verib, dağ-xizək, sağlamlıq, termal turizm növlərinin inkişafından bəhs edib.

Əbülfəs Qarayev Gürcüstanın regionda turizm klasteri kimi mühüm rol oynadığını qeyd edib və bu sahədəki təcrübənin ölkəmiz üçün müsbət nümunə olduğunu söyləyib. Birgə əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı layihələrin həyata keçirilməsindən məmnunluğunu ifadə edən nazir, ölkəmizdə inkişaf edən dağ-xizək, sağlamlıq turizm növləri haqqında məlumat verib. Nazir Şahdağ Turizm Mərkəzinin imkanlarından söz açıb və təklif edib ki, bu istiqamətdə iki ölkəni əhatə edən turlar təşkil olunsun. Sağlamlıq turizminin ölkədə geniş inkişaf perspektivlərinin olduğunu qeyd edən nazir Əbülfəs Qarayev Naftalan, Qalaaltı kimi sanatoriyaların müalicəvi əhəmiyyətindən bəhs edib. O bildirib ki, hazırda bu sahənin təkcə ölkə daxilində deyil, eləcə də dünya miqyasında tanıdılması istiqamətində işlər aparılır. Buna misal olaraq, Qalaaltı sanatoriyasının Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının üzvlüyünə daxil olduğunu və 2018-ci ildə Assosiasiyanın Baş Assambleyasının Qalaaltıda keçiriləcəyinə nail olunduğunu deyib. Azərbaycanda ilk dəfə olaraq keçirilən Şopinq Festivalı haqqında ətraflı məlumat verən nazir, növbəti festivallarda qonşu Gürcüstanın turistlərini iştiraka dəvət edib.

Görüşdə ölkələr arasında turizm sahəsində birgə turizm məhsullarının hazırlanması, turizm şirkətlərin birgə əməkdaşlığının genişləndirilməsi istiqamətində işlər görülməsi, eləcə də qarşılıqlı təcrübə mübadiləsinin aparılmasına dair razılıq əldə olunub.

Gürcüstanın naziri qəbula görə Əbülfəs Qarayevə təşəkkürünü bildirib və gələcək əməkdaşlığın uğurlu nəticələr verəcəyinə inamını ifadə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.