İDMAN


Azərbaycan və Gürcüstan postsovet məkanında ilk dəfə voleybol üzrə Avropa çempionatına ev sahibliyi edəcək

A+ A

Bakı, 24 noyabr, AZƏRTAC

Postsovet məkanında ilk dəfədir ki, iki ölkə - Azərbaycan və Gürcüstan voleybol üzrə Avropa çempionatına ev sahibliyi edəcək. Bu ilkə imza atdığımız üçün çox məmnunuq.

AZƏRTAC xəbər verir ki, bu sözləri noyabrın 24-də Heydər Əliyev Mərkəzində 2017-ci ildə Azərbaycanın və Gürcüstanın birgə ev sahibliyi edəcəyi qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsinin püşkatma mərasimindən sonra keçirilən mətbuat konfransında Azərbaycan Voleybol Federasiyasının prezidenti Cavid Qurbanov deyib.

C.Qurbanov vurğulayıb ki, Azərbaycan artıq dünyada idman ölkəsi kimi tanınır. Ölkəmiz bir çox mötəbər yarışa yüksək səviyyədə ev sahibliyi edib. Belə yarışlar növbəti illərdə də davam edəcək. 2017-ci ildə keçiriləcək Avropa çempionatı ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Sərəncama əsasən Təşkilat Komitəsi yaradılıb. Azərbaycanda bütün yarışların, o cümlədən qadın voleybolçular arasında Avropa çempionatının uğurla təşkili üçün lazımi infrastruktur var. Biz bu çempionatı da yüksək səviyyədə keçirəcəyik.

Avropa Voleybol Konfederasiyasının prezidenti Aleksandar Boriçiç qeyd edib ki, növbəti çempionatın reqlamentində dəyişiklik ediləcək. Bu, 16 komandanın qatılacağı sonuncu çempionat olacaq. Növbəti qitə çempionatında 24 ölkə iştirak edəcək. Avropa Voleybol Konfederasiyası çempionatın yüksək səviyyədə təşkilində maraqlıdır. Bütün iştirakçılara uğurlar arzulayıram. Ümid edirəm ki, hər iki milli federasiya çempionatın uğurla təşkili üçün səylərini əsirgəməyəcək.

Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Faiq Qarayev deyib: “Qrupumuzda yer alan rəqiblər bizə yaxşı tanışdır. Həmin komandalarla dəfələrlə beynəlxalq arenada qarşılaşmışıq. Hər üçü güclü komandadır. Əsas məqsədimiz qrupdan çıxmaqdır. Komandamızın hazırlıq planını yaxın günlərdə açıqlayacağıq. İki ildir komandaya rəhbərlik etmirəm. Yalnız son oyunlarda yığmaya başçılıq etmişəm. Milliyə kimin rəhbərlik etməsi önəmli deyil. Bütün güclü voleybolçular komandaya dəvət olunmalı, hamımız öz işimizi lazımi səviyyədə yerinə yetirməliyik”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.