SİYASƏT
Azərbaycan və Gürcüstanın bölgədə təhlükəsizliyə xidmət edən əməkdaşlığı daha da genişləndirilməlidir
Bakı, 21 noyabr, AZƏRTAC
Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov noyabrın 21-də ölkəmizdə səfərdə olan Gürcüstanın diaspor məsələləri üzrə dövlət naziri Gela Dumbadzenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazir qonaqlara xalqlarımız arasındakı dostluğun qədim tarixə malik olduğunu, ikitərəfli münasibətlərin qurulmasında və inkişafında ulu öndər Heydər Əliyevin danılmaz xidmətlərini xatırladıb. R.Usubov bu münasibətlərin dövlət başçılarının siyasi iradəsinə, müəyyənləşdirdiyi strategiyaya uyğun uğurla inkişaf etdiyini, qarşılıqlı səfərlər nəticəsində daha da dərinləşdiyini bildirib. O qeyd edib ki, ölkəmizdə müxtəlif dinlərə və dillərə məxsus xalqlar əsrlər boyu tolerant bir mühitdə, dostluq və mehribanlıq şəraitində yaşayır. Bu gün respublika daxili işlər orqanlarının sıralarında həmin millətlərin nümayəndələri də layiqincə xidmət edirlər.
Sonra nazir R.Usubov ölkədəki kriminogen durum, sabitliyin dönməzliyinin təmin olunması üçün ötən dövr ərzində görülən işlər və həyata keçirilən islahatlar barədə məlumat verib. Nazir dost və qardaş xalqlarımızın mənafelərinə, bölgədə təhlükəsizliyin təmin olunmasına xidmət edən əməkdaşlığın daha da genişlənməsinin vacibliyini bildirib.
Görüşə və ətraflı məlumata görə təşəkkür edən Gela Dumbadze 2001-2005-ci illərdə Gürcüstanın Azərbaycandakı səfirliyində müşavir kimi fəaliyyət göstərdiyini xatırladaraq ulu öndər Heydər Əliyevlə bağlı xoş xatirələrini bölüşüb. O, Azərbaycanın, o cümlədən paytaxt Bakının tanınmaz dərəcədə dəyişdiyini və dinamik templə inkişaf etdiyini məmnunluqla vurğulayıb.
Görüşdə Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze iştirak edib.