CƏMİYYƏT
Azərbaycan və Gürcüstanın gənclər təşkilatları arasında əlaqələr genişlənir
Tbilisi, 26 iyul, AZƏRTAC
Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində “Gürcüstan-Azərbaycan: gənclər və ortaq dəyərlər” mövzusunda “dəyirmi masa” keçirilib.
Azərbaycanın “İslahatçı Gənclər” İctimai Birliyi və Gürcüstanda fəaliyyət göstərən Azərbaycanlıların Mədəniyyət Mərkəzi (AMM) gənclər şöbəsinin birgə təşkil etdiyi tədbirdə hər iki ölkənin gənclər təşkilatlarının üzvləri, ictimaiyyət nümayəndələri, tələbələr iştirak ediblər.
Muzeyin direktoru, Azərbaycanın Əməkdar Mədəniyyət İşçisi Leyla Əliyeva tədbiri açaraq ölkələrimiz və xalqlarımız arasındakı dostluq əlaqələrinin qədim tarixindən danışıb, gənclər təşkilatları arasında münasibətlərin genişlənməsinin əhəmiyyətini vurğulayıb.
Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Rəhim Rəhimzadə çıxışında iki ölkə arasında genişlənən əməkdaşlıqdan söz açıb. Bildirib ki, xalqlarımız arasında əsrlərdən bəri davam edən isti münasibətlər bir çox ölkələr üçün örnəkdir.
“İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı, Azərbaycan İnsan Haqları və Demokratiya İnstitutunun rəhbəri Əhməd Şahidov “dəyirmi masa” iştirakçılarına dövlətimizin gənclər siyasəti barədə məlumat veriblər.
Qeyd olunub ki, ikitərəfli münasibətlərin inkişafında gənclər təşkilatlarının üzərinə böyük yük düşür. Bu təşkilatlar arasında körpü rolu oynayacaq layihələrə ehtiyac var. Hər iki xalqın mədəniyyətinin, tarixinin və həqiqətlərinin dünyaya çatdırılması istiqamətində birgə addımların atılması zəruridir.
AMM gənclər şöbəsinin rəhbəri Nərgiz Əliyeva diqqətə çatdırıb ki, mədəniyyətlərarası dialoq və gənclərlə əlaqələrin möhkəmləndirilməsi istiqamətində bir çox işlər görülür, layihələr reallaşdırılır. Bütün bunlar dostluq münasibətlərinin daha da genişlənməsində mühüm rol oynayacaq.
Gürcü ictimaiyyətinin nümayəndəsi, professor Simon Kopadze, ictimai xadim Vasili Papava, Kvemo Kartli-Borçalı quberniyasının nümayəndəsi Anar Süleymanov ikitərəfli əlaqələrin inkişafı istiqamətində görüləcək işlərdən danışıb, təkliflər səsləndiriblər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi