ELM VƏ TƏHSİL
“Azərbaycan və İndoneziyada multikulturalizm və sosial həyat“ mövzusunda beynəlxalq seminar keçirilib
Bakı, 22 dekabr, AZƏRTAC
Qafqaz Universitetində “Azərbaycan və İndoneziyada multikulturalizm və sosial həyat” mövzusunda beynəlxalq seminar keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) və Qafqaz Universitetinin “Azərbaycan multikulturalizmi” Elm-Tədris Mərkəzi, İndoneziyanın Cuanda Universiteti, Surakarta Dövlət İslam Universiteti, Sunan Kaliraja Dövlət İslam Universiteti və bu ölkənin Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunub.
Tədbirdə Qafqaz Universitetinin rektoru, professor Havar Məmmədov ulu öndər Heydər Əliyevin təhsilə daim xüsusi önəm verdiyini, dahi rəhbərin siyasətinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən əzmlə davam etdirildiyini bildirib.
Rektor beynəlxalq seminarın əhəmiyyətindən söz açıb.
BBMM-in icraçı direktoru Azad Məmmədov bu qurumun fəaliyyətindən, həyata keçirdiyi tədbirlərdən danışıb, Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan edildiyini xatırladıb.
İndoneziyanın Bakıdakı səfiri Hüsnan Bəy Fanani ölkələrimiz arasındakı əlaqələrin əhəmiyyətini qeyd edib, eyni zamanda, multikulturalizmlə bağlı fikirlərini bölüşüb.
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi xidmətinin baş məsləhətçisi Seyfəl Həsənov Azərbaycan multikulturalizmi barədə danışıb, ümummilli lider Heydər Əliyevin multikultural dəyərlərə böyük önəm verdiyini, Ulu Öndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildirib.
Müasir dünyada gedən siyasi proseslərdən bəhs edən S.Həsənov Azərbaycanın tolerant ölkə olduğunu diqqətə çatdırıb.
Seminarda “İndoneziya və multikultural problemlər”, “İndoneziyada multikulturalizm: İndoneziya universitetlərində multikultural təhsil konsepsiyası”, “Azərbaycan multikulturalizminin ədəbi-fəlsəfi qaynaqları” və digər mövzularda məruzələr dinlənilib, müzakirələr aparılıb.