SİYASƏT
Azərbaycan və İordaniya parlamentləri arasında əməkdaşlıq müzakirə olunub
Əmman, 9 fevral, AZƏRTAC
Azərbaycanın İordaniyadakı səfiri Sabir Ağabəyovun İordaniya parlamentinin Aşağı Palatasının spikeri Atef Taravneh ilə görüşündə ölkələrimizin qanunverici orqanları arasında əməkdaşlıq və digər sahələrdə ikitərəfli əlaqələrin hazırkı vəziyyəti barədə fikir mübadiləsi aparılıb.
Səfir S.Ağabəyov İordaniya parlamentinin Aşağı Palatasının spikeri vəzifəsinə seçilməsi münasibətilə Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov tərəfindən ünvanlanmış təbrik məktubunu A.Taravnehə təqdim edib, ona müvəffəqiyyətlər arzulayıb.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verən səfir İordaniya Senatının Xocalı soyqırımını pisləyən qətnamə qəbul etməsini xatırladıb, beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın haqlı mövqeyinin dəstəklənməsinin, ölkəmizin işğal altındakı torpaqlarının azad edilməsinin, qaçqın və məcburi köçkünlərin doğma yurd-yuvalarına qaytarılmasının vacibliyini qeyd edib. O, yaxın vaxtlarda parlamentin Aşağı Palatası tərəfindən də müvafiq qərarın qəbul ediləcəyinə ümidvar olduğunu bildirib.
A.Taravneh təbrik məktubuna görə təşəkkürünü bildirib. O, Xocalı soyqırımı ilə bağlı qərarın qəbul edilməsi məsələsinə münasibət bildirərkən İordaniyanın ədalət prinsipini daim üstün tutduğunu və bu məsələdə parlamentin Aşağı Palatası tərəfindən müvafiq qərarın qəbul ediləcəyini vurğulayıb.
Tərəflər iki ölkə arasında müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf tempindən məmnunluqlarını ifadə edib, Prezident İlham Əliyev və Kral II Abdullahın bu əlaqələrin inkişafındakı rollarını xüsusi vurğulayıblar.
Görüş İordaniyanın nüfuzlu KİV-ləri (“Əl-Ğəd”, “Əl-Dustur” və “Əl-Diyar” qəzetləri, “Petra” xəbər agentliyi və “Əl-Ray” saytları) tərəfindən geniş işıqlandırılıb.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əmman