İQTİSADİYYAT


Azərbaycan və İran Xəzərdənkənar hövzələrdə yükdaşımalar sahəsində birgə layihələrin işlənməsini müzakirə edib

A+ A

Bakı, 11 oktyabr, AZƏRTAC

Azərbaycan və İran arasında Xəzərdənkənar hövzələrdə yükdaşımalar sahəsində birgə layihələrin işlənməsi imkanları müzakirə edilib.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, müzakirələr Bakıda QSC-nin sədri Rauf Vəliyevin İran İslam Respublikasının “Qadir dəniz nəqliyyatı holdinqi”nə daxil olan “Negin Kish İnternational Onshore & Development Company” şirkətinin (NKCo) direktorlar şurasının sədri M.Moghadamifərd, şirkətin baş direktoru A.Mohağheğri və kommersiya üzrə meneceri S.Hairzadə ilə görüşü zamanı baş tutub.

Rauf Vəliyev ölkəmizdə həyata keçirilən nəhəng layihələrdən söhbət açıb, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin son illərdə əldə etdiyi nailiyyətlər, donanmalarının texniki imkanları, daha müasir gəmilərlə zənginləşdirilməsi, nəqliyyat donanmasının Xəzərdənkənar fəaliyyətinin bərpası və genişləndirilməsi üçün atılan mühüm addımlar barədə qonaqlara ətraflı məlumat verib.

Qonaqlar təmsil etdikləri şirkətin çoxaspektli nəqliyyat xidmətləri göstərdiyini, maye qazın daşınması, sənaye layihələrinin işlənib hazırlanması, gəmiqayırma, neft emalı, neft kimya sahələri üçün avadanlıq və cihazların alınması və satılmasını və sair həyata keçirdiyini diqqətə çatdırıblar.

Görüşdə iki qonşu və dost ölkə arasında münasibətlərin yüksələn xətlə inkişafının gəmiçilik sahəsində də qarşılıqlı faydalı əməkdaşlıq üçün geniş imkanlar yaratdığı bildirilib, dəniz nəqliyyatı, xüsusilə Xəzərdənkənar hövzələrdə yükdaşımalar sahəsində birgə layihələrin işlənməsi üçün böyük potensialın mövcudluğu vurğulanıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.