İQTİSADİYYAT
Azərbaycan və İran rəsmiləri birgə müəssisələr barədə təklifləri müzakirə edir
Tehran, 27 may, AZƏRTAC
İran ilə Azərbaycan arasında ziyarət, səyahət və səhiyyə sahəsindəki əməkdaşlıq əlaqələri davam edir.
Bu sözləri İranın rabitə və informasiya texnologiyaları naziri, İran-Azərbaycan hökumətlərarası müştərək iqtisadi komissiyasının həmsədri Mahmud Vaezi deyib.
Nazir bildirib ki, əlaqələrin daha da inkişaf etdirilməsi üçün hər iki ölkənin böyük potensialı var. Ölkələrimiz arasında quru və dəniz sərhədlərinin mövcudluğu qarşılıqlı əlaqələrin gələcək inkişafı üçün zəmin yaradır. “Azərbaycanda dərman və avtomobil istehsalı zavodlarının, tibbi ləvazimatlarla təchiz edilmiş xəstəxananın tikintisi İranın təklifləridir. Bu təkliflər hər iki ölkənin mütəxəssisləri tərəfindən öyrənilib və dövlət rəsmilərinin müzakirəsinə verilib. Hazırda bu təkliflərin razılaşdırılması müzakirə edilir”, - deyə Mahmud Vaezi bildirib.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran