ELM VƏ TƏHSİL
Azərbaycan və İran seysmoloqları əməkdaşlıq edəcəklər
Bakı, 18 iyul, AZƏRTAC
İran İslam Respublikasının Məşhəd Firdovsi Universitetinin Zəlzələ Araşdırma Mərkəzinin rəhbəri Səyyad Keivan Hosseini Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində olub.
Respublika Seysmoloji Xidmət Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, bu elm müəssisəsinin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli ilə keçirilən görüşdə tərəflər arasında birgə seysmoloji tədqiqatların aparılması və qarşılıqlı təcrübə mübadiləsi müzakirə olunub. Tərəflər arasında birgə elmi tədqiqatların aparılmasına dair anlaşma protokolunun imzalanmasına dair razılıq əldə olunub.
Azərbaycanın seysmoloji sahədə inkişaf etdiyini bildirən qonaq İran seysmoloqlarının azərbaycanlı həmkarları ilə əməkdaşlıqda maraqlı olduqlarını qeyd edib.
Görüşdə əməkdaşlığın hər iki tərəf üçün faydalı ola biləcəyi vurğulanıb.