İQTİSADİYYAT
Azərbaycan və İranın mərkəzi bankları arasında əlaqələrin inkişaf perspektivləri müzakirə olunub
Bakı, 30 yanvar, AZƏRTAC
Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov İran İslam Respublikasının iqtisadi məsələlər və maliyyə naziri Əli Tayebnianın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Mərkəzi Bankdan AZƏRTAC-a bildiriblər ki, görüşdə iki ölkənin bank sistemləri, o cümlədən mərkəzi bankları arasında əlaqələrin mövcud vəziyyəti, eləcə də inkişaf perspektivləri müzakirə edilib.
Mərkəzi Bankın sədri Elman Rüstəmov ölkələr arasında iqtisadi, o cümlədən bank sahəsində əlaqələrdən danışaraq, hər iki ölkənin mərkəzi bankları və bütövlükdə bank sektorları arasında gələcək əməkdaşlığın əhəmiyyətini vurğulayıb. E.Rüstəmov Azərbaycan iqtisadiyyatının, o cümlədən maliyyə-bank sektorunun sabit və davamlı inkişafı barədə ətraflı məlumatı nümayəndə heyətinin diqqətinə çatdırıb.
İran iqtisadi məsələlər və maliyyə naziri Ə. Tayebnia İranın ölkəmizlə, xüsusilə Mərkəzi Bankla əməkdaşlıqdan məmnunluğunu bildirib və ölkələrimizin birgə əməkdaşlıq imkanlarının genişlənəcəyinə ümidvar olduğunu qeyd edib.
Görüşdə, həmçinin İran və Azərbaycan arasında iqtisadi əlaqələr, o cümlədən bank sistemləri üzrə çoxşaxəli münasibətlərin gələcəkdə də uğurla davam etdiriləcəyinə əminlik vurğulanıb.