ELM VƏ TƏHSİL
Azərbaycan və İsrail alimləri dərman bitkilərini birgə öyrənəcəklər
Bakı, 6 iyul, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Genetik Ehtiyatlar İnstitutunun (GEİ) direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov İsrailin Hebrev Universitetinin professoru Şela Gorinsteini ilə görüşüb.
GEİ-dən AZƏRTAC-a bildirilib ki, görüşdə birgə tədqiqatların aparılması, beynəlxalq və yerli layihələrdə iştirak və kadr hazırlığı məsələləri müzakirə edilib. Sonra israilli professor institutda fəaliyyət göstərən biotexnologiya, texniki bitkilər, texnologiya və biokimya laboratoriyalarında aparılan tədqiqatlarla tanış olub. Həmçinin Şela Gorinsteini institutun elmi seminarında “Bəzi tropik meyvə bitkilərində bioaktiv maddələrin qida və farmokoloji əhəmiyyəti” mövzusunda məruzə ilə çıxış edib. Alim seminar zamanı aparılan tədqiqatların dünya ölkələri üçün əhəmiyyətindən danışıb. O, 375 elmi əsərinin dərc olunduğunu və əksər məqalələrinin yüksək impakt faktorlu jurnallarda yayımlandığını diqqətə çatdırıb, apardığı tədqiqatların dəfələrlə yüksək dövlət mükafatlarına layiq görüldüyünü vurğulayıb.
Seminarda meyvə bitkilərinin antioksidant xüsusiyyətləri, onların təyini metodları və bu barədə gələcək əməkdaşlıq ciddi müzakirə olunub. GEİ-nin gənc tədqiqatçılarının İsrailin Hebrev Universitetində təcrübə keçməsi, o cümlədən Azərbaycanda yayılmış dərman və meyvə bitkilərinin birgə öyrənilməsi üzrə razılığa gəlinib.