İQTİSADİYYAT
Azərbaycan və İtaliya arasında iqtisadi əməkdaşlıq genişlənir
Bakı, 9 oktyabr, Xatirə Cəfərova, AZӘRTAC
Futbol üzrə 2016-cı Avropa çempionatının seçmə mərhələsinin oktyabrın 10-da keçiriləcək Azərbaycan-İtaliya oyunu ərəfəsində, İtaliyanın Azərbaycandakı səfirliyi İtalyan Müəssisələrinin Təşviqi və Beynəlmiləlləşdirilməsi Təşkilatı ilə birgə bir neçə layihə həyata keçirir.
AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində oktyabrın 9-da Bakıda "İdman və sağlamlıq, italyan memarlığı və dizaynı ilə Azərbaycanda qovuşur" mövzusunda tədbir təşkil olunub.
Açılış mərasimində çıxış edən iqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov Azərbaycan və İtaliya arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu və əməkdaşlığın uğurla davam etdiyini qeyd edib, əlaqələrin inkişafında qarşılıqlı rəsmi səfərlərin əhəmiyyətini vurğulayıb. Məlumat verilib ki, siyasi əlaqələrimizin yüksək inkişaf səviyyəsi öz növbəsində iqtisadi əməkdaşlığımızın genişlənməsinə də şərait yaradıb. İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Ötən ildə ticarət dövriyyəmizin həcmi 5 milyard ABŞ dollarından çox olub. Bu ilin 8 ayı ərzində isə ticarət dövriyyəsinin həcmi 1,8 milyard dollar təşkil edib. İqtisadi sahədə əlaqələrimizin mühüm istiqamətlərindən biri investisiya sahəsində əməkdaşlıqdır.
Qeyd olunub ki, ümumilikdə, Azərbaycanda 66 İtaliya investisiyalı şirkət qeydiyyatdan keçib. Ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, iş adamları və işgüzar dairələr arasında əlaqələrin təşviqi məqsədilə bu tipli birgə tədbirlərin, biznes- forumların və işgüzar missiyaların keçirilməsi sahəsində müsbət ənənələrimiz yaranıb. Azərbaycanda siyasi və makroiqtisadi sabitlik, iqtisadiyyatın davamlı inkişafı, əlverişli biznes mühiti, iş adamları arasında qarşılıqlı faydalı əməkdaşlığın inkişafı üçün geniş imkanlar var. Son 10 ildə ölkəmizdə ümumi daxili məhsul 3,2 dəfə, investisiyalar 6,5 dəfə artıb, yoxsulluq səviyyəsi 8,4 dəfə azalıb və 5 faiz təşkil edib, işsizlik 4,9 faiz təşkil edib.
İtaliyanın İqtisadi İnkişaf Nazirliyinin katibliyinin başçısı Zvito Cozzoli Azərbaycan-İtaliya arasında iqtisadi əməkdaşlıq imkanlarına dair fikirlərini bölüşüb. Qeyd olunub ki, bu iki gün ərzində sahibkarlar arasında keçiriləcək çoxsaylı görüşlər, təşkil olunacaq təqdimatlar yeni əməkdaşlıq imkanlarının yaranmasına, işgüzar dairələr arasında mövcud əlaqələrin genişlənməsinə öz müsbət töhfəsini verəcək.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov, İtalyan Müəssisələrinin Təşviqi və Beynəlmiləlləşdirilməsi Təşkilatının prezidenti Riccardo Maria Monti, İtaliyanın ölkəmizdəki səfiri Ciampaolo Kutillo və digər sıxış edənlər İtaliya və Azərbaycan arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün mövcud potensialdan səmərəli istifadənin əhəmiyyətini qeyd edərək, hər iki ölkə arasında əlaqələrin inkişafında maraqlı olduqlarını diqqətə çatdırıblar.
Sonra İtaliya İqtisadi İnkişaf Nazirliyi və İtalyan Müəssisələrinin Təşviqi və Beynəlmiləlləşdirilməsi Təşkilatının birgə dəstəyi, həmçinin İtaliya Futbol Federasiyası nümayəndələrinin iştirakı ilə Azərbaycan və İtalyan şirkətlərinin nümayəndələri arasında ikitərəfli görüşlər keçirilib.