SİYASƏT
Azərbaycan və İtaliya strateji tərəfdaşlardır
Bakı, 27 aprel, AZƏRTAC
Aprelin 27-də ADA Universitetində Azərbaycan-İtaliya diplomatik əlaqələrinin 25 illiyinə həsr olunmuş “Azərbaycan-İtaliya dialoqu” forumu keçirilib.
AZƏRTAC xəbər verir ki, forumda Azərbaycan və İtaliya rəsmiləri, diplomatlar, deputatlar, elm xadimləri və iş adamları iştirak ediblər.
Tədbirdə çıxış edən ADA Universitetinin prorektoru Fariz İsmayılzadə deyib ki, bu forum dostluq və dialoq forumudur. İtaliya Azərbaycan üçün vacib tərəfdaşdır. Buna görə də Azərbaycan və İtaliya arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü əhəmiyyətli hadisədir.
İtaliyanın Azərbaycandakı səfiri Campaolo Kutillo Azərbaycan Prezidenti İlham Əliyevin 2014-cü ildə İtaliyaya səfərini xatırladıb. Bildirib ki, bu səfər, eləcə də digər yüksək səviyyəli səfərlər ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni sahələrdə əməkdaşlığı daha da möhkəmləndirib. Azərbaycan və İtaliya strateji tərəfdaşlardır.
Bakının gözəl, təmiz və təhlükəsiz şəhər olduğunu qeyd edən səfir deyib: Azərbaycanla ilk tanışlığım “Əli və Nino” əsərini oxuyan zaman olub. Bu əsər XX əsrin ən gözəl bədii nümunələrindən biridir”.
Milli Məclisin Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Azər Kərimli vurğulayıb ki, Avropa ölkələri ilə münasibətlərdə İtaliya Azərbaycan üçün xüsusi önəm kəsb edir. Deputat Azərbaycan-İtaliya əlaqələrinin daha da inkişafında Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın böyük rolunun olduğunu vurğulayıb.
A.Kərimli qeyd edib ki, İtaliya Azərbaycanın müstəqilliyini tanıyan ilk Avropa ölkələrindən biridir. Ötən 25 il ərzində Azərbaycan bölgənin ən qabaqcıl ölkələrindən birinə çevrilib. Azərbaycan-İtaliya münasibətləri çoxşaxəlidir. İtaliya Cənub Qaz Dəhlizinin üç əsas investorlarındandır. Bu, münasibətlərimizin əsas göstəricilərindən biridir.
İtaliya Senatının xarici əlaqələr komitəsinin keçmiş sədri Fiorella Provera qeyd edib ki, Azərbaycan İtaliya üçün vacib tərəfdaş və dost ölkədir. Ölkələrimiz arasında bir çox oxşarlıqlar mövcuddur. Əlaqələrimiz həm mədəni, həm iqtisadi, həm də siyasi müstəvidə inkişaf etdirilir. İkitərəfli münasibətlərin inkişafına parlamentlərimizdə fəaliyyət göstərən dostluq qrupları da töhfə verir.
Forum panel müzakirələrlə işini davam etdirib. Təhsil və mədəniyyətə həsr olunan paneldə Mədəniyyət və Turizm Nazirliyinin beynəlxalq əməkdaşlıq şöbəsinin nümayəndəsi Ramil Abbəkirov deyib ki, Avropa İttifaqı ölkələri Azərbaycanda 30-dan çox Tvinninq layihəsi həyata keçirib. 2016-cı ilin mart ayında baş tutan layihədə İtaliya və Azərbaycan tərəflərinin mədəniyyət sahəsi üzrə təcrübə və biliklərinin mübadiləsi, Azərbaycanda mədəniyyət konsepsiyasının təkmilləşdirilməsi məsələləri nəzərdə tutulub. İtaliyanın təcrübəsi nəzərə alınaraq Azərbaycanda da mədəniyyətin iqtisadiyyatda rolunun daha da gücləndirilməsi üzrə işlər aparılır. Hazırda ölkələrarası təcrübə layihəsi həyata keçirilir. İtaliyadan ölkəmizə bir çox ekspertlər gəlib. Eyni zamanda, keçən il olduğu kimi, bu il də Azərbaycandan İtaliyaya nümayəndə heyətinin getməsi, təcrübə layihəsinin reallaşdırılması gözlənilir.
Paneldə Azərbaycan və İtaliya ali təhsil müəssisələrinin nümayəndələri iki ölkə arasında təhsil və mədəniyyət sahələrində əməkdaşlığın hazırkı vəziyyəti və perspektivlərini müzakirə ediblər. Sonra Katolika Universitetinin tədqiqatçısı Karlo Frappinin Azərbaycanın tarixi, mədəniyyəti, etnoqrafiyasından bəhs edən “Azerbaigian. Crocevia del Caucaso”, həmçinin Zaur Əhmədzadənin “La mia Italia” kitablarının təqdimatı olub. “Əli və Nino” əsərinin müəllifi Məhəmməd Əsəd bəyin yaradıcılığını tədqiq edən italiyalı alim Romolo Erkolino tədbir iştirakçılarına azərbaycanlı yazıçıdan bəhs edən “Essad bey, un azerbaigiano a Positano” kitabı barədə danışıb.
İqtisadiyyat panelində isə Azərbaycan və İtaliya şirkətlərinin nümayəndələri iqtisadi əlaqələrin mövcud vəziyyəti və perspektivləri barədə danışıblar.