ELM VƏ TƏHSİL
Azərbaycan və Kolumbiya arasında təhsil sahəsində birgə layihələr reallaşdırılacaq
Bakı, 25 may, AZƏRTAC
Mayın 25-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru vəzifəsini icra edən professor Dünyamin Yunusov Kolumbiyanın Azərbaycandakı yeni müvəqqəti işlər vəkili xanım Marta Galindo ilə görüşüb.
ADU-dan AZƏRTAC-a bildirilib ki, görüşdə universitetin tarixi, beynəlxalq əlaqələri, tədris prosesi haqqında danışan D.Yunusov bu ali təhsil ocağında müxtəlif ixtisaslar üzrə 22 dilin tədris olunduğunu diqqətə çatdırıb. O, universitetdəki fakültələr, dil və mədəniyyət mərkəzlərinin fəaliyyətindən, ADU-nun dünyanın bir çox ölkələrinin ali məktəbləri ilə əlaqələrindən də danışıb. ADU-nun elmi fəaliyyətindən söz açan professor elmi hissə tərəfindən nəşr olunan jurnallar barədə məlumat verib.
Təhsil sahəsində birgə layihələrin həyata keçirilməsinin mümkünlüyünü qeyd edən M.Galindo bildirib ki, bu istiqamətdə aparılan əməkdaşlıq Azərbaycan və Kolumbiya arasında mədəni əlaqələri daha da möhkəmlədirəcək.
Görüşdə əlaqələrin inkişafı, birgə layihələrin həyata keçirilməsi ilə bağlı müzakirələr aparılıb.