SİYASƏT


Azərbaycan və Latviya iqtisadi sahədə əməkdaşlığı genişləndirməyi hədəf götürüblər VİDEO

Riqa, 30 may, AZƏRTAC

Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti Riqaya rəsmi səfər çərçivəsində bu ölkənin Baş nazirinin müavini, iqtisadiyyat naziri Arvils Aşeradenslə görüşüb.

Azərbaycan nümayəndə heyətini salamlayan Baş nazirin müavini 28 May – Respublika Günü münasibətilə təbriklərini çatdırıb. O, ölkələrimiz arasında ikitərəfli əlaqələrin yüksək səviyyəsindən məmnunluğunu bildirib, iqtisadi əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıb. Baş nazirin müavini deyib ki, qarşılıqlı səmərəli əməkdaşlığın dərinləşdirilməsi üçün mövcud potensialdan hərtərəfli istifadə etmək zəruridir.

Milli Məclisin sədri Oqtay Əsədov qeyd edib ki, Azərbaycan və Latviya aralarındakı münasibətlər qarşılıqlı hörmətə və bərabərhüquqlu əməkdaşlığa əsaslanan tərəfdaş ölkələrdir.

Oqtay Əsədov diqqətə çatdırıb ki, Azərbaycan böyük potensialı olan qeyri-neft sektoruna investisiyaların cəlb edilməsinə və latviyalı investorların fəallığına ümid bəsləyir. İqtisadi əlaqələrin genişləndirilməsində hökumətlərarası komissiya xüsusi rol oynayır.

Görüşdə Latviya ilə Azərbaycan arasında ticari-iqtisadi əlaqələrin vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib.

İqtisadiyyat naziri vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin Latviyaya gözlənilən səfəri Latviya ilə Azərbaycan arasında əməkdaşlığın möhkəmləndirilməsinə mühüm təkan verəcək. Səfər çərçivəsində imzalanacaq sənədlər münasibətlərin, o cümlədən iqtisadi sahədə əlaqələrin daha da genişləndirilməsinə yönəlib.

Bu gün Azərbaycanın Avropanın etibarlı iqtisadi tərəfdaşına çevrildiyini qeyd edən Oqtay Əsədov ölkəmizin iqtisadi potensialını, əldə etdiyi uğurları və reallaşdırdığı infrastruktur layihələrini diqqətə çatdırıb.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Riqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.