SİYASƏT
Azərbaycan və Litva beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq edir
Bakı, 24 aprel, AZƏRTAC
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Litva Respublikasına səfəri çərçivəsində Seymin sədr müavini Gediminas Kirkilas, xarici əlaqələr üzrə komitəsinin sədri Yuozas Bernatonis və Azərbaycan ilə parlamentlərarası əlaqələr üzrə qrupunun rəhbəri Valeriyus Simulik və qrupun digər üzvləri ilə geniş tərkibdə görüş keçirib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan və Litva arasında diplomatik münasibətlərin 1918-ci ildə qurulduğu vurğulanıb, Azərbaycan Xalq Cümhuriyyətində Litvanın konsulluğunun fəaliyyət göstərdiyi və gələn il ölkələrimiz arasında diplomatik əlaqələrin yaradılmasının 100 illiyinin qeyd olunacağı diqqətə çatdırılıb. Bu əlamətdar hadisə çərçivəsində hər iki ölkənin parlamentləri və digər qurumları səviyyəsində yubiley xarakterli müxtəlif tədbirlərin keçirilməsinin vacibliyi qeyd olunub.
Keçirilmiş görüşlər əsnasında Azərbaycan və Litva arasında dostluq münasibətlərinin müxtəlif sahələr üzrə inkişafından məmnunluq ifadə edilib və ikitərəfli əlaqələrin dərinləşdirilməsi baxımından qarşılıqlı səfərlərin həyata keçirilməsinin vacibliyi vurğulanıb. Həmçinin iqtisadi-ticarət əlaqələrinin daha da inkişaf etdirilməsi üçün birgə səylərin artırılmasının vacibliyi diqqətə çatdırılıb.
Eyni zamanda, parlamentlərarası diplomatiyanın əhəmiyyətinə toxunulub, bu xüsusda parlamentlərarası işçi qrupları səviyyəsində mütəmadi təmasların vacibliyi vurğulanıb. İkitərəfli formatla yanaşı, Azərbaycan və Litvanın beynəlxalq təşkilatlar çərçivəsində də uğurlu əməkdaşlığı qeyd olunub.
Elmar Məmmədyarov Azərbaycanın Avropa İttifaqı ilə əlaqələri və hazırda Aİ ilə Azərbaycan arasında strateji tərəfdaşlığa dair saziş layihəsi üzərində aparılan danışıqlar barədə həmsöhbətlərə məlumat verib. Litvanın Azərbaycanın Aİ ilə əlaqələrinin inkişaf etdirilməsinə verdiyi dəstək təqdir olunub.
Görüşdə, həmçinin nəqliyyat dəhlizləri layihəsi, o cümlədən Şimal-Cənub layihəsinin əhəmiyyəti xüsusi qeyd edilib, bu layihənin Hind okeanı hövzəsi ilə Baltik regionu arasında dəmir yolu vasitəsilə uzlaşma yarada biləcəyi və nəticə etibarilə, Litvanın şirkətlərinin də bundan faydalanacağı diqqətə çatdırılıb.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesinə toxunan nazir münaqişənin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll edilməli olduğunu və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə əsasən Ermənistan silahlı qüvvələrinin Azərbaycanın bütün işğal edilmiş ərazilərdən dərhal, qeyd-şərtsiz və tamamilə çıxarılmalı olduğunu diqqətə çatdırıb. O əlavə edib ki, güc tətbiq edərək dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi cəhdləri qəbuledilməzdir.
Görüş əsnasında qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.