ELM VƏ TƏHSİL
Azərbaycan və Malayziya alimlərinin birgə məqaləsi impakt faktorlu jurnalda dərc edilib
Bakı, 12 fevral, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) alim və mütəxəssisləri dünyanın nüfuzlu institut və təşkilatlarının alimləri ilə birgə davamlı araşdırmalar aparırlar.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, Malayziyanın Malaya Universitetinin alimləri Asad Abdi və Norisma İdris, İTİ-nin direktoru, akademik Rasim Əliquliyev və texnika elmləri doktoru Ramiz Alıquliyevin birgə yazdıqları “Referatlaşdırma strategiyalarının müəyyən edilməsi üçün referatlaşdırmanın avtomatlaşdırılmış qiymətləndirilmə alqoritmi” sərlövhəli məqalə “PLOS ONE” elmi jurnalında (impakt faktor - 3.234) dərc olunub.
Məqalədə qeyd olunur ki, referatlaşdırma mətni daha yaxşı anlamaq üçün əhəmiyyətli vasitə olduğuna görə birbaşa təlimatlar vasitəsilə referatın yazılmasını tədris edən müəllimlərin marağına səbəb olub. Tələbələrin xülasəsini kompyuter vasitəsilə nəzərdən keçirmək və qiymətləndirmək bu məsələni daha səmərəli reallaşdırmaq üçün müəllimlərə kömək edə bilər.
Qeyd edək ki, İTİ-nin və Malaya Universitetinin alimlərinin referatlaşmanın keyfiyyətinin artırılması və referatların qiymətləndirilməsi üsulları mövzusunda əvvəlki məqalələri “Soft Computing” və “Information Processing & Management” jurnallarında dərc olunub.