İQTİSADİYYAT
Azərbaycan və Moldova arasında gömrük sahəsində əlaqələrin genişləndirilməsi vacibdir
Bakı, 24 iyun, AZƏRTAC
Azərbaycan və Moldova arasında gömrük sahəsində əlaqələrin genişləndirilməsi vacibdir.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu fikir iyunun 24-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyevlə Moldova Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri George Leuka arasında keçirilən görüşdə səsləndirilib. Görüşdə Azərbaycan Moldova əlaqələrinin inkişaf dinamikası ətraflı müzakirə edilib.
Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev iki ölkə arasında mövcud əlaqələrdən söhbət açıb və qeyd edib ki, Azərbaycan-Moldova əlaqələrinin perspektivi böyükdür. DGK sədri Azərbaycanla Moldova arasında əlaqələrin müxtəlif sahələrdə, o cümlədən, gömrük işi sahəsində genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb.
Azərbaycan Gömrük Xidmətinin Moldova Gömrük Xidməti ilə qarşılıqlı əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu nəzərə çatdıran DGK sədri A.Əliyev bu baxımdan tərəflər arasında əlaqələrin inkişafının və inteqrasiyasının vacibliyini bildirib.
Moldova Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri George Leuka Azərbaycanda səfir kimi fəaliyyətindən məmnunluğunu bildirib, iki dost ölkə arasında bütün sahələrdə, o cümlədən, gömrük sahəsində əməkdaşlığın genişləndirilməsinin zəruriliyini vurğulayıb, qarşılıqlı fəaliyyətin, təcrübə mübadiləsinin əhəmiyyətini önə çəkib.
Görüşdə, eyni zamanda, qarşılıqlı maraq doğuran bəzi məsələlər ətrafında fikir mübadiləsi aparılıb, birgə əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub.