İQTİSADİYYAT
Azərbaycan və Moldovanın kapital bazarları institutları qarşılıqlı faydaya əsaslanan əməkdaşlıqda maraqlıdırlar
Oktyabrın 23-də Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK) Moldova Respublikasının Maliyyə Bazarları üzrə Milli Komissiyasının sədr müavini Nina Doskanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə qurumlar arasında Anlaşma Memorandumu imzalanıb.
Komitədən AZƏRTAC-a bildirilib ki, QKDK-nın sədr müavini İlqar Muradov Azərbaycan ilə Moldova arasında ikitərəfli münasibətlərin yüksələn xətlə inkişaf etməsinin və iqtisadi əlaqələrin genişlənməsinin hər iki ölkə üçün faydalı olduğunu vurğulayıb. Qeyd edilib ki, Azərbaycan və Moldovanın kapital bazarları institutları arasında birgə əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi üçün geniş potensial mövcuddur. Tərəflərin Anlaşma Memorandumu ilə müəyyən edilmiş yardım və məlumat mübadiləsinə dair öhdəlikləri qarşılıqlı əməkdaşlığın genişləndirilməsinə zəmin yaradır.
Moldova Respublikasının Maliyyə Bazarları üzrə Milli Komissiyasının sədr müavini Nina Doska da öz növbəsində Anlaşma Memorandumunun tərəflər arasında qiymətli kağızlar bazarı üzrə tənzimləyici bazanın inkişafının stimullaşdırılmasında və təcrübə mübadiləsinin genişləndirilməsində, əməkdaşlığın gələcək inkişafında mühüm rol oynayacağını bildirib.
Sonra QKDK və Moldova Respublikasının Maliyyə Bazarları üzrə Milli Komissiyası arasında qiymətli kağızlar bazarları sahəsində əməkdaşlıq və məlumat mübadiləsi haqqında Anlaşma Memorandumu imzalanıb. Memorandumu Moldova tərəfindən Maliyyə Bazarı üzrə Milli Komissiyanın sədri Nina Doska, Azərbaycan tərəfindən isə QKDK sədrinin müavini İlqar Muradov imzalayıblar.