İQTİSADİYYAT
Azərbaycan və Monteneqronun potensialı iqtisadi əməkdaşlığın genişləndirilməsinə zəmin yaradır
Bakı, 27 noyabr, AZƏRTAC
İqtisadiyyat və sənaye naziri “XXI əsrdə sənayeləşmə: Sənaye siyasətində əsas trendlər, müasir yanaşma və təcrübələr” mövzusunda Beynəlxalq Sənaye Konfransında iştirak etmək üçün Bakıda səfərdə olan Monteneqro Respublikasının iqtisadiyyat naziri Vladimir Kavariç ilə görüşüb.
İqtisadiyyat və Sənaye Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikası Hökuməti ilə Monteneqro Hökuməti arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədri Şahin Mustafayev qarşılıqlı hörmət, faydalı əməkdaşlıq prinsipləri üzərində qurulmuş əlaqələrin uğurla inkişaf etdiyini bildirib. Bu sahədə qarşılıqlı səfərlərin və aparılan danışıqların əhəmiyyətini vurğulayan nazir qeyd edib ki, siyasi əlaqələrin yüksək səviyyədə olması və ölkələrimizin potensialı iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün əlverişli zəmin yaradır. Ötən il Azərbaycanla Balkan regionu ölkələri arasında imzalanmış memorandumlar enerji sahəsində əməkdaşlıq üçün böyük imkanlar yaradır. İqtisadiyyatın digər sahələrində də əməkdaşlığın genişləndirilməsi üçün potensial var və bu istiqamətdə səylərimizi davam etdirməliyik.
Şahin Mustafayev Bakıda keçirilən Beynəlxalq Sənaye Konfransında iştirakına görə Monteneqronun iqtisadiyyat nazirinə təşəkkür edib, konfransın sənaye sahəsində əməkdaşlığa töhfə verəcəyinə əminliyini bildirib.
Monteneqronun iqtisadiyyat naziri, Hökumətlərarası Komissiyanın həmsədri Vladimir Kavariç Azərbaycana növbəti səfərindən və Bakıda keçirilən Beynəlxalq Sənaye Konfransında iştirakından, ölkələrimiz arasında əlaqələrin uğurlu inkişafından məmnunluğunu ifadə edib, iqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin inkişafı üçün real imkanları diqqətə çatdırıb.
Görüşdə Azərbaycan və Monteneqro arasında iqtisadi əlaqələrin mövcud vəziyyətinə və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb, iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlıq məsələləri müzakirə edilib.