CƏMİYYƏT
Azərbaycan və Niderland su ehtiyatlarının idarə olunması sahəsində əməkdaşlıq edəcəklər VİDEO
Noyabrın 6-da Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov ilə ölkəmizdə səfərdə olan Niderland Krallığının infrastruktur və ətraf mühit naziri xanım Melani Şults van Haegen-Maas Geesteranus arasında görüş keçirilib.
Görüşdə nazirlər “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və Niderland Krallığının İnfrastruktur və Ətraf Mühit Nazirliyi arasında su ehtiyatlarının idarə olunması sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu imzalayıblar.
Fövqəladə Hallar Nazirliyindən (FHN) AZƏRTAC-a bildiriblər ki, qonaqları salamlayan nazir Kəmaləddin Heydərov xanım Melani Şults van Haegen-Maas Geesteranusa FHN, o cümlədən onun strukturuna daxil olan qurumların fəaliyyəti haqqında ətraflı məlumat verib. Kəmaləddin Heydərov iki ölkənin müvafiq qurumları arasında fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində sıx əməkdaşlığın mövcud olduğunu bildirib.
Nazir hər iki qurum arasında, xüsusilə su resurslarının idarə olunması və daşqınların qarşısının alınması istiqamətində əməkdaşlığın daha da dərinləşdirilməsinin vacibliyini qeyd edib.
Görüşə görə təşəkkürünü bildirən qonaq hər iki qurum arasında mövcud əlaqələrin daha da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb.
Səfər çərçivəsində niderlandlı nazirin Fövqəladə Hallar Nazirliyinin bəzi qurumlarının fəaliyyəti ilə tanışlığı da nəzərdə tutulur.