SİYASƏT
Azərbaycan və Orta Asiya ölkələrinin müstəqilliklərinin 25-ci ildönümü ilə bağlı simpozium başa çatıb
Ankara, 7 oktyabr, AZƏRTAC
Azərbaycan və Orta Asiya ölkələrinin müstəqilliklərinin 25-ci ildönümü ilə bağlı Ankarada keçirilən simpozium oktyabrın 7-də başa çatıb.
Türkiyə paytaxtındakı Əhməd Yesevi Universiteti tərəfindən təşkil edilən simpozium çərçivəsində “Azərbaycanın 25 illik müstəqillik dövründəki nailiyyətləri” mövzusuna həsr edilmiş panel iclası keçirilib.
Azərbaycan, Türkiyə və digər türkdilli ölkələrdən nüfuzlu elm adamlarının qatıldığı toplantıda ölkəmizdə elmi araşdırmaların vəziyyəti, hüquqi dövlət quruculuğu və təhsil sahəsindəki islahatlar, kənd təsərrüfatı və digər sahələrə dair maraqlı məruzələr dinlənilib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələri, işğalçı Ermənistanın qeyri-konstruktiv mövqeyi səbəbindən münaqişənin indiyədək həllini tapmaması ilə bağlı məruzələr dinlənilib və digər məsələlərlə bağlı ətraflı fikir mübadiləsi aparılıb.
Panelin moderatoru olan İstanbul Mərmərə Universitetinin professoru Okan Yeşilot ümumilikdə Azərbaycanın 25 illik müstəqillik dövrü ərzində əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirib.
Azərbaycanın müxtəlif universitetləri, elm və tədqiqat mərkəzlərinin nümayəndələri, eləcə ölkəmizdən kənarda işləyən azərbaycanlı alimlər simpozium çərçivəsində təşkil edilən digər panellərin işində də fəal iştirak ediblər.
Beləliklə, iki gün davam edən və ümumilikdə 80-ə yaxın məruzənin dinlənildiyi simpozium işini uğurla yekunlaşdırıb.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankar