İQTİSADİYYAT
Azərbaycan və Özbəkistan gömrük xidmətləri arasında əlaqələrin perspektivləri müzakirə edilib
Bakı, 12 iyun, AZƏRTAC
Azərbaycan və Özbəkistan gömrük xidmətləri arasında əlaqələrin perspektivləri müzakirə edilib.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iyunun 12-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev Bakı şəhərində keçiriləcək Müstəqil Dövlətlər Birliyi üzv dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının 65-ci iclasında iştirak etmək üçün Azərbaycana səfərə gələn Özbəkistan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Muydjon Toxiriyin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev iki ölkənin siyasi-iqtisadi və mədəni sahələrdə əlaqələrindən söhbət açıb, Azərbaycan və Özbəkistanı tarixən qardaşlıq münasibətlərinin birləşdirdiyini vurğulayıb. Hər iki ölkənin uğurlu inkişaf yolu ilə irəlilədiklərini söyləyən komitə sədri, eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bu gün ölkədə aparılan quruculuq və inkişaf proseslərindən, xüsusilə qeyri-neft sektorunun inkişafı ilə bağlı həyata keçirilən tədbirlərdən ətraflı bəhs edib.
Azərbaycan və Özbəkistan arasında ikitərəfli münasibətlərin hazırkı durumuna toxunan DGK sədri A.Əliyev bütün sahələrdə, o cümlədən, gömrük sferasında qarşılıqlı əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayıb və özbək həmkarının Azərbaycana səfərinin əlaqələrimizin daha da inkişaf etdirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib.
Özbəkistan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Muydjon Toxiriy Azərbaycana səfərindən məmnun qaldığını söyləyib. İki qardaş ölkənin əlaqələrinin yüksək səviyyədə olduğunu vurğulayan qonaq, yaxın perspektivdə qarşılıqlı əməkdaşlığın daha da genişlənəcəyinə əminliyini ifadə edib.
M.Toxiriy qeyd edib ki, bu gün tərəflər arasında keçirilən görüş qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi və davamlı inkişafına öz töhfəsini verəcək.
Sonra görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb, o cümlədən, gömrük sistemində informasiya-kommunikasiya texnologiyaları, kadr potensialının gücləndirilməsi, qaçaqmalçılıqla mübarizə və sair sahələrdə əməkdaşlıq məsələlərinə toxunulub.
Görüş başa çatdıqdan sonra isə Özbəkistan nümayəndə heyəti Dövlət Gömrük Komitəsində gömrük xidmətinin müasirləşdirilməsi ilə bağlı layihələrlə tanış olub.