SİYASƏT
Azərbaycan və Pakistan hər zaman bir-birinin mövqeyini müdafiə edir
İslamabad, 2 iyul, AZƏRTAC
Azərbaycan və Pakistan hər zaman bir-birinin mövqeyini müdafiə edir ki, bu da ölkələrimiz arasında əlaqələrin daha yaxın olmasından xəbər verir.
Bu fikir Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadənin ölkə Senatının müdafiə komitəsinin sədri Müşahid Hüseyin Seyid və xarici işlər komitəsinin sədri Nuzhat Sadiklə görüşündə bildirilib.
Görüşlərdə Azərbaycanla Pakistan arasında dostluq və qardaşlıq münasibətləri, parlamentlərarası əlaqələrin genişləndirilməsi, Heydər Əliyev Fondunun Pakistanda reallaşdırdığı humanitar və sosial layihələr haqqında fikir mübadiləsi aparılıb.
Görüşlər zamanı Pakistanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin haqlı mövqeyini tam dəstəklədiyi vurğulanıb. Azərbaycanla Pakistan arasında bütün sahələrdə əlaqələrin daha da dərinləşdirilməsinin zəruriliyi qeyd edilib.
Səfir Azərbaycanın Pakistanı hər zaman güclü, sabit və inkişaf etmiş ölkə kimi görmək istədiyini, Pakistanla əlaqələrə önəm verdiyini bildirib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
İslamabad