İQTİSADİYYAT


Azərbaycan və Polşa Ali Audit Qurumları arasında əməkdaşlıq məsələləri müzakirə edilib

A+ A

Bakı, 8 iyul, AZƏRTAC 

Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə nümayəndə heyəti Polşa Respublikasında səfərdə olub.

Palatadan AZƏRTAC-a bildiriblər ki, Polşanın Ali Audit Qurumu olan Milli Nəzarət Palatasının Prezidenti Kristof Kviatkovski ilə görüşən V.Gülməmmədov Azərbaycanın Ali Audit Qurumu olaraq Hesablama Palatasının fəaliyyəti və nəticə göstəriciləri barədə məlumat verib.

Görüşdə hər iki qurumun gələcək fəaliyyəti perspektivləri, qarşılıqlı əməkdaşlıq istiqamətləri, eyni zamanda, təcrübə mübadiləsinin təşkili ilə bağlı məsələlər müzakirə edilib.

Səfər çərçivəsində V.Gülməmmədov Milli Nəzarət Palatasının Krakov regional bölməsinin rəhbəri ilə görüşüb, bölmənin fəaliyyəti ilə tanış olub, nəzarət fəaliyyətinin yerlərdə təşkili ilə bağlı müzakirələr aparılıb.

Məlumat verilib ki, Polşa Respublikasının Milli Nəzarət Palatası müstəqil ali dövlət qurumu olaraq 100 ilə yaxındır ki, dövlət vəsaitlərinin qorunması missiyasını yerinə yetirir və bu məqsədlə Polşa dövlət qurumlarının vəsaitlərin istifadəsi ilə bağlı fəaliyyətinə nəzarət edir. Palata Varşava şəhərində yerləşən mərkəzi idarə və 16 regional bölmədən ibarətdir. Ümumilikdə, Milli Nəzarət Palatasında 1640 nəfər çalışır ki, onlardan 1200-ü audit fəaliyyətini yerinə yetirir. Palata kollegial idarəetmə strukturuna malikdir və kollegiyanın tərkibinə Milli Nəzarət Palatasının rəhbərliyi ilə yanaşı, Polşa Respublikasının hüquq, iqtisadiyyat və audit sahəsində fəaliyyət göstərən 7 professoru da daxildir. İl ərzində 100-dən çox audit tədbirini həyata keçirən palata, eyni zamanda, 200-dən çox qurumu əhatə edir və qurumların maliyyə hesabatlarının təhlili diqqətdə saxlanılır. Azərbaycan nümayəndə heyətinə Milli Nəzarət Palatasının strukturunun iqtisadi sahələr üzrə formalaşdırıldığı, dövlət büdcəsinin icrası və illik fəaliyyəti ilə bağlı Polşa Parlamentinə hesabat verildiyi və maliyyə pozuntularının araşdırılması istiqamətində prokurorluq orqanları ilə əməkdaşlıq edildiyi bildirilib.

V.Gülməmmədov Milli Nəzarət Palatasının internet portalına müsahibə verərək görüşün məqsədi və müzakirə edilmiş məsələlərlə bağlı sualları cavablandırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.