SİYASƏT


Azərbaycan və Polşa arasında siyasi məsləhətləşmələrin növbəti mərhələsi keçirilib

A+ A

Bakı, 24 noyabr, AZƏRTAC

Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov Polşanın xarici işlər nazirinin müavini Marek Julkovski ilə görüşüb və iki ölkə arasında siyasi məsləhətləşmələrin növbəti mərhələsi keçirilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə nazir müavini Xələf Xələfov Azərbaycan-Polşa əlaqələrinin müxtəlif sahələr üzrə hazırkı vəziyyətinə nəzər salıb, iki ölkə arasında siyasi münasibətlərin səviyyəsindən və əməkdaşlığın strateji xarakter daşımasından məmnunluğunu ifadə edib.

Xələf Xələfov əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu bildirib. O, sənaye, kənd təsərrüfatı, turizm, maşınqayırma, neft-kimya və müdafiə sənayesi sahəsində ikitərəfli əlaqələri inkişaf etdirmək üçün qarşılıqlı səylərin artırılmasının vacibliyini vurğulayıb.

Ticari-iqtisadi, mədəniyyət, humanitar və digər sahələrdə əlaqələrin inkişafı, habelə gündəlikdə duran məsələlərin nəzərdən keçirilməsi baxımından Azərbaycan Respublikası və Polşa Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın fəaliyyətinin əhəmiyyətini xüsusi qeyd edən Xələf Xələfov mövcud platformaların, o cümlədən yüksək səviyyəli səfərlərin iki ölkə arasında əməkdaşlığın yeni mərhələdə inkişafına təkan verəcəyinə əminliyini ifadə edib. O, eyni zamanda, parlamentlərarası əlaqələrin inkişafı, ekspertlər və işçi qrupları səviyyəsində təmasların intensivləşdirilməsinin birgə maraqlara xidmət etdiyini deyib.

Marek Julkovski ölkəsinin Azərbaycan ilə müxtəlif sahələrdə əməkdaşlığın inkişafında maraqlı olduğunu diqqətə çatdırıb və iki ölkə arasında müqavilə-hüquq bazasının genişləndirilməsinin əhəmiyyətinə toxunub. O, Polşa hökumətinin müxtəlif sahələrdə əldə etdiyi təcrübəni Azərbaycan ilə paylaşmağa hazır olduğunu bildirib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesi, habelə prezidentlərin Vyana və Sankt-Peterburq görüşləri haqqında məlumat verən X.Xələfov status-kvonun qəbuledilməzliyini vurğulayıb və münaqişənin yalnız mərhələli şəkildə, beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü əsasında həll edilməli olduğunu vurğulayıb.

Marek Julkovski bildirib ki, Polşanın münaqişənin həlli prosesində BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin yerinə yetirilməli olduğuna dair mövqeyi dəyişməz olaraq qalır və Polşa Ermənistan-Azərbaycan münaqişənin həllində ATƏT-in Minsk qrupunun fəaliyyətini dəstəkləyir.

Son illər Azərbaycanın yaxından iştirakı ilə regionda həyata keçirilən irimiqyaslı enerji, nəqliyyat layihələri və ölkəmizdə aparılan iqtisadi-maliyyə islahatlardan söz açan Xələf Xələfov Polşa şirkətlərinin bu imkanlardan faydalana biləcəyini diqqətə çatdırıb.

Bununla yanaşı, görüşdə regional və qarşılıqlı maraq kəsb edən beynəlxalq məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.