MƏDƏNİYYƏT
Azərbaycan və Polşa arasında turizm potensialı tam gücü ilə istifadə olunmur
Varşava, 23 may, Laçın Sultanova, AZƏRTAC
2013-cü ildə Polşanı 2 min azərbaycanlı, Azərbaycanı isə 4 min polşalı turist ziyarət edib.
AZƏRTAC-ın Varşavaya ezam olunmuş müxbiri xəbər verir ki, bu barədə azərbaycanlı jurnalistlərlə görüşdə Polşanın İdman və Turizm Nazirliyinin turizm departamentinin direktoru Rafal Vilçkovski məlumat verib.
Nazirlik rəsmisi hesab edir ki, bu rəqəmlər bütün turizm növlərinin inkişafı üçün böyük imkanlara malik olan ölkələrimizin real potensialını əks etdirmir.
“Ötən ilin sonunda Bakıda keçirilən Polşa-Azərbaycan Hökumətlərarası Komissiyanın son iclasında qeyd edilmişdi ki, turizm potensialından tam gücü ilə istifadə olunmamasının əsas səbəbi ölkələrimizin turistik yerləri haqqında məlumatın az olmasıdır. Buna görə də biz gələn ay Bakıda keçiriləcək birinci Avropa Oyunları çərçivəsində Polşanın turizm guşələrini əks etdirən fotosərgi təşkil etmək qərarına gəldik”, - deyə Rafal Vilçkovski bildirib.
O həmçinin Azərbaycanın turizm təşkilatlarının Polşada keçirilən turizm yarmarkalarında iştirakının arzu edilən olduğunu qeyd edərək onları oktyabr və noyabrda Poznan və Varşavada keçiriləcək tədbirlərə dəvət edib.
Polşada turizmin inkişafından danışan Rafal Vilçkovski bildirib ki, son 5 ildə ölkənin turizm sənayesində artım müşahidə olunur. Yalnız ötən il Polşaya 16 milyon turist gəlib.