CƏMİYYƏT


Azərbaycan və Polşa həmkarlar ittifaqları arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub

Bakı, 1 avqust, AZƏRTAC

Avqustun 1-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev Polşa Həmkarlar İttifaqı Birliyinin sədri Yan Qusun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

AHİK-dən AZƏRTAC-a bildiriblər ki, Səttar Möhbalıyev ölkələrimiz və xalqlarımız arasındakı münasibətlərdən söhbət açaraq bu əlaqələrin köklərinin ötən əsrlərə gedib çıxdığını qeyd edib, həmin əlaqələrin bu gün də yüksək səviyyədə inkişafından danışıb. Polşanın Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən olduğunu vurğulayan sədr bildirib ki, Azərbaycan-Polşa münasibətləri ölkələrimiz arasında işgüzar və dostluq əlaqələrinin yüksək səviyyədə olduğunu deməyə əsas verir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu yaxınlarda Polşaya rəsmi səfəri çərçivəsində keçirdiyi yüksək səviyyəli görüşlər hər iki ölkə arasında münasibətlərin inkişafına yeni təkan verib. Prezidentin səfəri çərçivəsində Polşa-Azərbaycan biznes forumunun keçirilməsi ölkələrimizin iqtisadi sahədə əməkdaşlığının yüksəlişinə doğru atılmış yeni addımdır. S.Möhbalıyev Azərbaycan Həmkarlar İttifaqlarının dünyanın bir çox həmkarlar ittifaqı mərkəzləri ilə əməkdaşlıq və həmrəylik əlaqələri çərçivəsində Polşa həmkarlar ittifaqı təşkilatları ilə də qarşılıqlı münasibətlərinin nümunəvi səviyyədə olduğunu qeyd edib. Bildirib ki, bu əlaqələr daim inkişafdadır, belə qarşılıqlı səfərlərin faydası olduqca vacibdir və tərəflərin iş təcrübəsinin öyrənilməsində, hər iki ölkənin həmkarlar ittifaqlarının fəaliyyəti ilə tanışlıq istiqamətində və həmrəyliyində mühüm rol oynayır.

AHİK sədri qonaqlara Azərbaycan həmkarlar ittifaqlarının həyatında son illər baş verən yeniliklər barədə də məlumat verib.

Polşa nümayəndə heyətinin rəhbəri Yan Qus Azərbaycanda iqtisadi, sosial və digər sahələrdə gedən inkişafdan məmnunluğunu ifadə edib. Söhbət əsnasında hər iki ölkənin həmkarlar ittifaqları arasında əməkdaşlıq və həmrəylik əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub.

Qeyd edək ki, görüşdən öncə polşalı qonaqlar Fəxri xiyabana gedərək ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, önünə gül dəstələri qoyublar. Daha sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət olunub, üzərinə tər güllər düzülüb.

Polşa Həmkarlar İttifaqı Birliyi Polşanın iki əsas həmkarlar ittifaqı təşkilatlarından biridir. 1984-cü ildə yaradılan təşkilatın 3 milyon üzvü var və onların 500 mini təqaüdçüdür.

Bu təşkilat “Solidarnost” ilə birlikdə Polşanın əsas müəssisələrində sahibkarlar, işçilər və hökumət arasında dialoqun əldə olunması üçün iqtisadi və sosial məsələlər üzrə üçtərəfli komitənin işində iştirak edir. Müvafiq komitənin əsas məqsədi sosial tarazlığı qorumaq üçün əməkhaqları və müavinətlər, vergi öhdəlikləri, büdcə və digər məsələlərə aid danışıqların aparılmasıdır. Təşkilat ölkədə fəaliyyət göstərən 90 peşə qurumunu (vahid həmkarlar ittifaqları və federasiyalar) özündə birləşdirir, həmçinin ölkənin inzibati bölgüsünə uyğun ərazi zonaları ilə daxili ərazi quruluşlarına malikdir. Bunlar voivodship (regional) şuraları (16) və powiat (rayon) şuralarıdır (240).

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.