İQTİSADİYYAT
Azərbaycan və Qazaxıstan bərələri Xəzərin yükdaşıma potensialını artıracaq
Bakı, 18 aprel, Elvin Camalov, AZƏRTAC
Dünya birjalarında neftin qiymətinin kəskin azalması, bu səbəbdən yaranan iqtisadi qlobal gərginliyin Azərbaycanda minimum səviyyəyə endirilməsi üçün ölkə rəhbərliyi mühüm qərarlar qəbul edərək, ciddi islahatlar aparır. Bu islahatların əsasını qeyri-neft sektorunun inkişaf etdirilməsi təşkil edir. Qeyri-neft sektorunun bir çox sahələrinə diqqət ayıran Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev logistika sahəsinin inkişafı, Azərbaycanın regionun ən aparıcı tranzit ölkəsinə çevrilməsi ilə bağlı əhəmiyyətli göstərişlər verib. Bu il Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi, Ələt qəsəbəsində yerləşən Bakı Limanının birinci fazasının yekunlaşması, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycandan keçən hissəsində işlərin sürətlə görülməsi, Azad Ticarət Zonasının yaradılması və bu kimi digər mühüm layihələr Azərbaycanı aparıcı tranzit ölkəyə çevirəcək. Azərbaycanın bu istiqamətdə gördüyü bir çox işlər sırasında Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM) inkişafı xüsusi diqqət mərkəzindədir.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat xidmətindən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu və onun üstünlükləri barədə AZƏRTAC-ın sualları cavablandırılaraq geniş məlumat verilib.
Bildirilib ki, Çin-Avropa arasında ümumi yükdaşımanın əsas həcmi (95 faizi) ənənəvi okean marşrutu ilə həyata keçirilir (Hind okeanı, Qırmızı dəniz, Süveyş kanalı, Aralıq dənizi və sair). Bu marşrutla yük Çindən Avropaya 45-60 gün ərzində çatdırılır. Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun əsas üstünlüklərindən biri də elə vaxtla bağlıdır. Belə ki, yükün TBNM-lə Çindən Avropaya daşınması 12-20 gün ərzində reallaşdırılır. Daşınma əməliyyatı “Door to Door”, yəni “Qapıdan qapıya” prinsipi ilə həyata keçirilir. Yük Çindən yüklənərək Avropada təhvil götürülür.
Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun digər üstünlüyü isə bir pəncərə prinsipidir. TBNM Konsorsiumu özündə marşrutun hər bir kəsiyində (Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və sair ) mövcud operatorları birləşdirir. Yük sahibi bu operatorların biri ilə müqavilə bağlamaqla, yükü asanlıqla bütün marşrut üzərindən Çindən Avropaya daşımaq imkanı əldə edir. TBNM-in digər üstünlüyü bu marşrut üzrə rəqabətqabiliyyətli “vahid keçid tarifi”nin təyin edilməsidir. Qeyd edək ki, artıq Rumıniya, Ukrayna, Polşa da TBNM-ə qoşulub. Türkiyənin də TBNM-ə qoşulması üzərində iş aparılır. Hazırda Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda mövcud “bir pəncərə” prinsipi Avropaya qədər genişlənib. Bu da yükdaşımaların logistikasını daha effektiv edir.
Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu qeyd olunduğu kimi, bir pəncərə prinsipi əsasında fəaliyyət göstərir. Bu da artıq bütün marşrut üzərində “vahid keçid tarifləri”nin mövcudluğunu təmin edir. TBNM-də mütəmadi olaraq digər alternativ marşrutlarla müqayisəli təhlillər aparılır və endirimlər təklif olunmaqla marşruta yeni müştərilər cəlb olunur.
2016-cı ilin sonunda Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun hüquqi statusu bir qədər də artırılıb və TBNM-in Beynəlxalq Assosiasiyası təsis edilib. Assosiasiyanın fəaliyyəti tranzit və xarici ticarət yüklərinin cəlb olunmasına, TBNM marşrutu üzrə inteqrasiya edilmiş logistika məhsullarının inkişafına yönəlib. Assosiasiyanın məqsədi səmərəli tarif siyasətinin həyata keçirilməsi, xərclərin və inteqrasiya edilmiş xidmətlərin optimallaşdırılması, daşıma prosesinin vahid texnologiyasının yaradılması, sərhəd və gömrük prosedurları ilə bağlı inzibati əngəllərin azaldılması, yük və konteynerlərin limanlarda birləşmə məntəqələrində emalına yardım etməkdir. Hazırda TBNM-in üzvlərinə Qazaxıstan Dəmir Yolları, Aktau limanı, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC, “Azərbaycan Dəmir Yolları” QSC, Gürcüstan Dəmir Yolları, Batumi limanı, Ukrayna Bərə Operatoru, Ukrayna Dəmir Yolları, Polşa Dəmir Yolları, Rumıniya Dəmir Yolları daxildir.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC Xəzər dənizində yeganə bərə operatorudur. Cəmiyyətin 13 gəmi-bərəsi var. Onların da hamısı TBNM üzrə daşımalara cəlb olunub. Çin-Avropa istiqaməti üzrə daşımalara Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin ən böyük bərələri ayrılıb. Ümumiyyətlə, TBNM-in mövcudluğu bu marşrut üzrə yükdaşımaların asanlaşdırılması və optimallaşdırılmasına böyük töhfə verib və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC də bu qurumun ayrılmaz və aparıcı üzvüdür. Bu gün AXDG-yə məxsus bərələr Xəzər dənizi üzərindən Dəmir Yollarının davamı funksiyasını daşıyır. Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda ən aparıcı sektorlardan biri məhz “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə məxsusdur. Belə ki, marşrutun ən böyük kəsiyi Qazaxıstandan sonra Xəzər dənizidir. Burda isə bərə operatoru funksiyasını yalnız AXDG yerinə yetirir. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC donanamasında bərələrin sayını artırmağa çalışır. Belə ki, QSC konteyner və vaqonlar daşıyacaq iki yeni unikal Ro-Pax/bərə tipli gəmilər sifariş edib. Xəzərdə suyun səviyyəsi, limanlar və infrastruktur nəzərə alınmaqla tikiləcək Ro-Pax/bərə tipli gəmilər gəmiçiliyin mütəxəssisləri və Odessa Dəniz Mühəndislik Bürosunun mühəndisləri ilə müştərək şəkildə layihələndirilib. Tikiləcək bərələr Transxəzər nəqliyyat dəhlizində artan yüklərin həcmini qarşılamağa xidmət edəcək. Ən əsası isə Ro-Pax/bərə tipli unikal gəmilər Bakı Gəmiqayırma Zavodunda tikilir.
Qazaxıstanda inşa olunan Kurık limanında bərə infrastrukturu və kompleksinin yaradılması da Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna dəhlizinə öz müsbət töhfəsini verəcək. Belə ki, bununla ümumi marşrut üzrə bərələrlə yüklərin daşınmasının effektivliyi daha da artacaq. Yeni Kurık limanının daha əlverişli coğrafi məkanda yerləşməsi ümumi dövriyyənin artmasına, bərə əməliyyatlarının limanda daha optimal şəkildə aparılmasına imkan verəcək.
Qazaxıstan bərələrinin Xəzər dənizində üzməsi ümumi marşrut üzrə yükdaşıma həcminin artmasına səbəb olacaq. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və Qazaxıstan Dəmir Yolları arasında Strateji Əməkdaşlıq, eyni zamanda bərələrin birgə əməliyyat olunması haqqında Anlaşma Memorandumu var. Qazaxıstanlı partnyorlarımız tərəfindən yeni bərələrin əldə olunması Xəzərin ümumi yükdaşıma potensialının artmasına təkan verəcək.