CƏMİYYƏT


Azərbaycan və Qazaxıstan əhaliyə dövlət xidmətlərinin göstərilməsi sahəsində əməkdaşlıq edir VİDEO

Bakı, 21 iyul, Xəyalə Məmmədova, AZƏRTAC

Qazaxıstanın Dövlət Xidməti və Korrupsiya ilə Mübarizə Agentliyinin dövlət xidmətləri departamenti və "Vətəndaşlar üçün hökumət" Dövlət Korporasiyası" qeyri-kommersiya səhmdar cəmiyyətinin nümayəndələri 3 saylı Bakı "ASAN xidmət" mərkəzi və "ASAN radio"nun fəaliyyəti ilə tanış olublar.

AZƏRTAC xəbər verir ki, səfərin məqsədi həm Qazaxıstan, həm də Azərbaycanda əhaliyə göstərilən dövlət xidmətlərinin göstərilməsində əməkdaşlığı genişləndirməkdir.

Qonaqlara "ASAN xidmət" mərkəzlərinin yaradılması, məqsədləri, inkişaf yolu, xidmət növləri barədə geniş məlumat verilib.

ASAN-Xidmətin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Elnur Hümbətov bildirib ki, "ASAN xidmət" mərkəzinin fəaliyyətinin məqsədi dövlət orqanlarının xidmətlərinin göstərilməsində vətəndaşların rahatlığının, şəffaflığın təmin edilməsi, korrupsiya hallarının istisna edilməsi, dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni düşüncə tərzinin formalaşdırılmasıdır.

Bildirilib ki, "ASAN" modelinin altı əsas prinsipi var: operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət, etik davranış qaydalarına nəzarət və rahatlıq. Azərbaycan brendi olan "ASAN xidmət" mərkəzlərində vətəndaşlara xidmət mərkəzlərin ilk mərtəbəsində yerləşən məlumat bölməsindən başlayır. Qeydiyyat prosesi avtomatlaşdırılıb, xüsusi aparatlarla həyata keçirilir. Bu işdə vətəndaşlara könüllülər kömək edir. Könüllülər vətəndaşlara ərizə yazılmasında da kömək edir. Mərkəzlərə gələ bilməyən vətəndaşlara xidmət göstərmək üçün, həmçinin səyyar avtobuslardan da istifadə olunur.

Sonra tərəflər arasında görüş keçirildi. Qeyd olundu ki, Qazaxıstanda da eyni struktura malik ictimai mərkəz fəaliyyət göstərir ki, bunun da təkmilləşdirilməyə ehtiyacı var. Hazırda Qazaxıstanda 549 oxşar növ xidmət göstərən 349 belə mərkəz fəaliyyət göstərir.

Görüşdə, həmçinin tərəflər qarşılıqlı səfərlər barədə razılığa gəliblər. Qazaxıstanın Dövlət Xidməti və Korrupsiya ilə Mübarizə Agentliyinin dövlət xidmətləri departamentinin nümayəndəsi Adilbek Mukaşev qeyd edib ki, ictimai xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması əsas məqsəddir. Gələcəkdə isə Qazaxıstan ixtisaslaşmış xidmətlərin genişləndirilməsi nəzərdə tutulur. Bunun üçün isə Qazaxıstanın dövlət agentliyi dövlət xidmətlərinin göstərilməsi sahəsində Azərbaycanın təcrübəsini öyrənmək niyyətindədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.