CƏMİYYƏT
Azərbaycan və Qırğızıstan universitetlərinin rektorları əməkdaşlıq perspektivlərini müzakirə ediblər
Bakı, 28 fevral, AZƏRTAC
Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli ilə Qırğızıstan-Türkiyə Manas Universitetinin rektoru, professor Sebahattin Balcı arasında görüş keçirilib.
ATU-nun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, S.Balcı rəhbərlik etdiyi universitet barədə geniş məlumat verərək bildirib ki, artıq 21 ildir fəaliyyət göstərən bu ali təhsil ocağı Türkiyə və Qırğızıstan hökumətləri arasında bağlanmış sazişə əsasən yaradılıb. Universitetdə doqquz fakültə fəaliyyət göstərir. Burada təhsil alan 6000-dən çox tələbənin arasında 14 xarici ölkəni təmsil edən gənclər də var. Universiteti bitirmiş tələbələr beş qitə və 33 ölkədə mütəxəssis kimi çalışır. Bu il Manas Universitetinin Türk Universitetlər Birliyinə başçılıq edəcəyini deyən rektor ATU-nun da bu birlikdə aktiv iştirak edəcəyinə ümidvar olduğunu bildirib.
Bu birlik haqqında məlumatlı olduğunu və üzvlər arasında ATU-nun da iştirak etdiyini vurğulayan G.Gəraybəyli keçən il olduğu kimi bu il də Tibb Universitetinin nümayəndələrinin Manas Universitetinin tədbir və yarışlarında iştirak edəcəyini qeyd edib.