İQTİSADİYYAT


Azərbaycan və Rusiya Bakıda helikopterlərə texniki xidmət mərkəzinin yaradılmasına dair saziş imzalayıb

Bakı, 25 may, AZƏRTAC

Azərbaycan və Rusiya Bakıda helikopterlərə texniki xidmət üzrə servis mərkəzinin yaradılmasına dair 2017-ci il üçün Əsas Tədbirlər Planını imzalayıb.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Moskvada X “HeliRussia-2017” Beynəlxalq Sərgisi çərçivəsində Azərbaycanda helikopterlərin əsaslı təmiri və texniki xidmət üzrə servis mərkəzinin yaradılmasına dair danışıqların növbəti raundu keçirilib.

“Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərov, “Vertoletı Rossii” Holdinqinin baş direktoru Andrey Boqinski, “Silk Way Holding”in prezidenti Zaur Axundov və “Silk Way Helicopter Services”in baş direktoru Azər Sultanov danışıqlarda iştirak edib.

Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası komissiyanın 16-cı iclasının qərarlarının yerinə yetirilməsi çərçivəsində tərəflər Azərbaycan Respublikasında Rusiya və sovet istehsalı mülki və hərbi helikopterlərə texniki xidmət üzrə servis mərkəzinin açılmasına dair layihənin həyata keçirilməsində qarşılıqlı marağını təsdiqləyib.

Sözügedən layihə üzrə birgə işə 2016-cı ildə başlanılıb. Bakıda “ADEX 2016” sərgisi çərçivəsində “Silk Way Helicopter Services” və “Vertolyotı Rossii” Azərbaycan ərazisində Rusiya istehsalı Мi-8/17 tipli mülki helikopterlərin təmiri üzrə servis mərkəzinin açılmasına dair saziş imzalayıb.

Başlanan işin davamı olaraq X “HeliRussia-2017” Beynəlxalq Sərgisində “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərov və “Vertoletı Rossii” Holdinqinin baş direktoru Andrey Boqinski “Azərbaycan ərazisində Rusiya və sovet istehsalı mülki helikopter texnikasının təmiri və texniki xidmət üzrə servis mərkəzinin təşkili layihəsinə dair 2017-ci il üçün Əsas Tədbirlər Planı”nı imzalayıb.

“Silk Way Helicopter Services” şirkəti Azərbaycanın ən müasir aviasiya müəssisələrindən biridir. Aviaşirkətin helikopterləri hər il 50 mindən artıq sərnişin daşıyır. Hazırda şirkətin Zabrat aeroportunda yerləşən hava gəmiləri parkına “Sikorsky S-92A”, “Leonardo Helicopters AW139”, “Airbus Helicopters AS-332L1”, “Airbus Helicopters EC-155B1”, “Мi-8МТВ-1”, “Мi-8АМТ” helikopterləri¸ həmçinin “Cessna 172S” tipli təyyarələr daxildir.

“Vertolyotı Rossii” Rusiyada helikopterlərin yeganə istehsalçısı, eləcə də dünyada müasir mülki və hərbi helikopterlərin layihələndirilməsi, istehsalı, sınağı və texniki xidmət imkanlarına malik azsaylı şirkətlərdən biridir. “Vertolyotı Rossii” holdinqi “Rostex” Dövlət Korporasiyasının strukturuna daxildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.