CƏMİYYƏT


Azərbaycan və Rusiya arasında miqrasiya siyasəti məsələləri müzakirə edilib

Moskva, 1 fevral, AZƏRTAC

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun Rusiya Federasiyasının daxili işlər naziri, polis generalı Vladimir Kolokoltsevlə görüşü olub.

Səfirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə miqrasiya siyasəti və iki ölkənin Daxili İşlər nazirlikləri arasında ikitərəfli əlaqələrlə bağlı bir sıra məsələlər müzakirə edilib.

Səfir Polad Bülbüloğlu Vladimir Kolokoltsevə Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubovun salamını çatdırıb. Qeyd edib ki, Azərbaycanın daxili işlər naziri MDB-nin iştirakçı dövlətlərinin Daxili İşlər Nazirləri Şurasının duayeni kimi qurumun işinin təşkilində mühüm rol oynayır.

Rusiyanın daxili işlər naziri vurğulayıb ki, Rusiya və Azərbaycanın hüquq-mühafizə orqanları MDB Miqrasiya Orqanları Rəhbərlər Şurası və MDB ölkələrinin qeyri-qanuni miqrasiyaya qarşı mübarizəyə dair əməkdaşlıq Sazişi iştirakçılarının Birgə komissiyası çərçivəsində fəal iş aparırlar.

Səfir məlumat verib ki, Azərbaycan və Rusiya arasında dostcasına sıx humanitar və iqtisadi əlaqələr iki ölkə vətəndaşlarının intensiv gediş-gəlişinə kifayət qədər kömək edir. Moskva və Bakı arasında hər gün yeddi aviareys həyata keçirilir, habelə dəmir yolu və avtobus reysləri işləyir. Burada da miqrasiya qanunvericiliyinin tətbiqi xüsusi məna kəsb edir və daxil olan bütün müraciətlərə, xüsusilə humanitar aspektdə olan müraciətlərə operativ cavab verməyin zəruriliyini diktə edir.

Səfir vurğulayıb ki, regionda mövcud vəziyyət, Dağıstan Respublikası ərazisindən keçən Rusiya-Azərbaycan ümumi sərhədi nəzərə alınaraq, sabitliyin təmin olunması üçün cinayətkarlığa qarşı mübarizədə sıx əməkdaşlıq və qarşılıqlı əlaqə vacibdir.

Rusiya Federasiyası, Azərbaycan Respublikası və İran İslam Respublikası prezidentlərinin bu yaxınlardakı üçtərəfli görüşünə toxunan həmsöhbətlər ölkələrimiz vasitəsilə tranzit yükdaşımalarının təhlükəsizliyinin təmin edilməsinin, miqrasiya qanunvericiliyinin asanlaşdırılmasının və ağır tonnajlı avtomobillərin sürücüləri üçün Rusiya ərazisində qalma müddətinin artırılmasının vacibliyini vurğulayıblar.

Səfir, həmçinin qeyd edib ki, Rusiya daxili işlər naziri 2016-cı il dekabrın əvvəlində Azərbaycana rəsmi səfəri zamanı Prezident İlham Əliyev tərəfindən qəbul edilib. Nazir, həmçinin azərbaycanlı həmkarı ilə cari məsələləri müzakirə edib. Bu səfər iki ölkənin Daxili İşlər nazirlikləri arasında operativ əməkdaşlığın inkişafına mühüm töhfə verib.

Tərəflər qarşılıqlı anlaşmanın yüksək səviyyəsindən və qarşıya çıxan məsələlərin operativ qaydada həlli imkanından məmnunluq ifadə ediblər.

Görüşdə Rusiya Federasiyası Daxili İşlər Nazirliyi Miqrasiya Məsələləri Baş İdarəsinin rəisi, polis polkovniki Olqa Kirillova, MDB iştirakçısı olan dövlətlərin ərazisində mütəşəkkil cinayətkarlıq və digər təhlükəli cinayət növləri ilə mübarizənin əlaqələndirilməsi üzrə Büronun direktor müavini, polis general-mayoru Əkbər Yusifov iştirak ediblər.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.