ELM VƏ TƏHSİL
Azərbaycan və Rusiya arasında təhsil, elm, mədəniyyət əlaqələri genişlənir
Bakı, 8 iyul, AZƏRTAC
İyulun 8-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru, professor Cəfər Cəfərov Moskva Pedaqoji Dövlət Universitetinin (MPDU) birinci prorektoru, professor Vladimir Neçayev və MPDU-nun Dərbənd filialının direktoru, dosent Ruslan Hüseynov ilə görüşüb.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, görüşdə C.Cəfərov rəhbərlik etdiyi universitetin yaranma tarixi, keçdiyi inkişaf yolu, bugünkü fəaliyyəti, maddi-texniki bazası, elmi-pedaqoji kadr potensialı, tədris prosesi, beynəlxalq əlaqələri barədə qonaqlara ətraflı məlumat verib. Rektor qeyd edib ki, ADPU fəaliyyət göstərdiyi müddətdə elm və təhsilimizin inkişafına dəyərli töhfələr verib. Xalqımızın ümummilli lideri Heydər Əliyev həmişə ADPU-ya böyük qayğı və diqqət göstərib. Ulu Öndərin bu siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən davam etdirilir.
C.Cəfərov bildirib ki, müasir dünyamızda ali təhsil müəssisəsi öz elmi-tədqiqatları, maddi-texniki bazası, kadr potensialı və yüksək keyfiyyətli təhsil verməsi ilə tanınmalıdır. Ali məktəb daim yenilənməli, müasir olmalı, dünyanın yeni inkişaf meyillərini nəzərə almalı və öz işini bu meyillərə uyğun qurmalıdır. ADPU-nun beynəlxalq əlaqələri barədə ətraflı məlumat verən rektor C.Cəfərov bildirib ki, universitetin beynəlxalq əlaqələri keyfiyyətcə yeni mərhələyə daxil olub. Belə ki, ADPU bu gün Türkiyənin Hacəttəpə Universiteti, Ankara Universiteti, Mehmet Akif Ersoy Universiteti, Qazi Universiteti, Muğla Sıtkı Koçman Universiteti, Balıkesir Universiteti, Şimali Kiprin Yaxın Doğu Universiteti, Rumıniyanın, eləcə də Avropanın çox məşhur Babeş-Bolyai Universiteti, Fransanın Strasburq Universiteti, Dağıstan Dövlət Pedaqoji Universiteti, Qazaxıstanın Abay adına Milli Pedaqoji Universiteti, Tacikistanın Kulyab Universiteti, Tatarıstan Dövlət Humanitar Universiteti, habelə Rusiyanın digər qabaqcıl universitetləri və Baltikyanı ölkələrin bir sıra tanınmış universitetləri ilə elm və təhsil sahəsində əməkdaşlıq edir. Eyni zamanda, ADPU-nun müəllimləri dünyanın bir çox ölkələrində keçirilən yüksək səviyyəli beynəlxalq elmi konfrans, simpozium və konqreslərdə, həmçinin çoxlu sayda layihə və proqramlarda fəal iştirak edirlər.
Rusiyalı qonaqlar təmsil etdikləri ali təhsil müəssisəsinin tarixi, keçdiyi inkişaf yolu, tədris prosesi və müasir vəziyyəti barədə məlumat veriblər. Onlar, eyni zamanda, ADPU ilə tanışlıqdan məmnunluqlarını bildirib, universitetin kollektivinə uğurlar arzulayıblar.
Görüşdə Azərbaycan və Rusiya arasında təhsil, elm, mədəniyyət əlaqələrinin genişlənməsi məqsədilə gələcəkdə ADPU ilə MPDU arasında münasibətlərin yaradılması istiqamətində fikir mübadiləsi aparılıb, əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.