ELM VƏ TƏHSİL
Azərbaycan və Rusiya şərqşünaslarının əməkdaşlıq imkanları müzakirə edilib
Bakı, 19 dekabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu direktorunun müavini, AMEA-nın müxbir üzvü Şahin Mustafayev Moskvada səfərdə olub.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, səfər çərçivəsində Ş.Mustafayev Rusiya Elmlər Akademiyasının (REA) Şərqşünaslıq İnstitutu direktorunun müavini, professor V.Belokrenitski ilə görüşüb.
Görüşdə iki elm müəssisəsi arasında elmi əməkdaşlığın möhkəmləndirilməsi, müştərək elmi-tədqiqat layihələrinin, birgə konfransların keçirilməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Əməkdaşlığın müsbət nəticələrindən danışan V.Belokrenitski ötən il Bakıda gənc şərqşünasların beynəlxalq konfransının yüksək səviyyədə təşkil olunduğunu, rusiyalı alimlərin Azərbaycanın paytaxtından xoş təəssüratlarla ayrıldıqlarını söyləyib. O, institutlar arasında, xüsusilə türkologiya, iranşünaslıq və ərəbşünaslıq sahəsində geniş əməkdaşlıq imkanları qeyd edib.
Azərbaycan alimi REA-nın Şərqşünaslıq İnstitutunda Türkiyə sektorunun əməkdaşları ilə də görüşüb, institutun nəşrləri ilə tanış olub.