ORDU
Azərbaycan və Sloveniya Silahlı qüvvələri arasında “Mühazirəçi mübadiləsi” tədbiri keçirilir
Bakı, 3 may , AZƏRTAC
Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Sloveniya Respublikası Müdafiə Nazirliyi arasında 2016-cı il üçün ikitərəfli əməkdaşlıq planına uyğun olaraq, “Mühazirəçi mübadiləsi” tədbiri keçirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Sloveniyada keçirilən tədbirin məqsədi ölkəmizin tanıdılması, regionda təhlükəsizlik vəziyyəti və ölkəmizlə bağlı həqiqətlərin geniş auditoriyaya çatdırılması, o cümlədən Silahlı Qüvvələrimiz arasında dostluq əlaqələrinin möhkəmləndirilməsidir.
Mayın 3-də Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi, general-mayor Hüseyn Mahmudov Sloveniya Silahlı Qüvvələrinin Hərbi Məktəblər Mərkəzində “Cənubi Qafqazın təhlükəsizliyi üzrə təhdidlərə Azərbaycanın baxışı” mövzusunda mühazirə ilə çıxış edib. H.Mahmudov məruzəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun nəticələri barədə ətraflı məlumat verib.
Tədbirdə Sloveniya Hərbi Akademiyasının dinləyiciləri, Hərb Elmi Mərkəzinin bir sıra mühazirəçiləri, hərbi təhsil müəssisələrinin rəhbər heyəti, o cümlədən Müdafiə Nazirliyi və Baş Qərargahın nümayəndələri iştirak ediblər.