SİYASƏT
Azərbaycan və Sudan arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi tamam olur
Bakı, 21 iyul, AZƏRTAC
Sudan Hökuməti 2017–ci il iyulun 25-nə təsadüf edən Azərbaycan Respublikası və Sudan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə ən xoş təbriklərini çatdırır və bu müddət ərzində xüsusilə qarşılıqlı maraq doğuran mövzular, müxtəlif məsələlərdə üst-üstə düşən fikirlərə dair hər iki qardaş ölkə arasında inkişaf etməkdə olan əlaqələrin yüksək tempinin müşahidə edildiyini vurğulayır.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Sudanın Azərbaycandakı səfirliyinin mətbuata açıqlamasında yer alıb.
Açıqlamada deyilir: “Sudan Hökuməti 1992-ci ildə diplomatik əlaqələrin qurulmasının iki ölkə arasında dostluq və səmimi şəkildə ikitərəfli dialoqun inkişaf etməsinə dəstək olduğunu vurğulayır. Belə ki, bu münasibətlər siyasi və diplomatik istiqamətlərdə davamlı olaraq ikitərəfli əlaqələrin inkişaf etdirilməsinə töhfə verən qarşılıqlı əməkdaşlıq və maraqlara əsaslanıb. Bu əlaqələrin inkişafına töhfə verən hər bir kəsə təşəkkür edilməlidir”.
Bildirilir ki, Sudan Hökuməti Sudan xarici işlər nazirinin 2015-ci ildə Azərbaycana səfərini və Prezident İlham Əliyev ilə görüşünü təqdirəlayiq hesab edir. Bu görüş Azərbaycanın xarici işlər naziri ilə keçən danışıqlarla yanaşı, hər iki ölkə arasındakı əlaqələrə böyük töhfə verib. Görüş zamanı siyasi məsləhətləşmələrə dair protokol imzalanıb ki, həmin protokol müxtəlif məsələlərə dair qarşılıqlı anlaşmanın dərinləşdirilməsi üçün mühüm addım olub, beynəlxalq təşkilatlar və təsisatlarda iki ölkə arasında əlaqələndirməni daha da inkişaf etdirib. Həmçinin biz Bakıda keçirilən Beynəlxalq Humanitar Forumda iştirak etmək üçün yüksək səviyyəli nümayəndə heyətinin müşayiəti ilə 2013-cü ildə Azərbaycana gəlmiş Sudan Prezidentinin köməkçisi Doktor Nafi Əli Nafinin səfərini də qeyd etmək istərdik. Bütün bunlarla yanaşı, Azərbaycanın ev sahibliyi etdiyi və iki ölkə arasındakı əlaqələrin inkişafına töhfə verən çoxşaxəli beynəlxalq forumlarda sudanlı məsul şəxslər iştirak ediblər.
Sudan Hökuməti hər iki ölkəni birləşdirən və siyasi əlaqələrin daha da sıx olması vasitəsilə müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın start götürdüyü güclü bazanın formalaşdırılması üçün əlaqələrin gücləndirilməsini, təcrübə mübadiləsini, kadr potensialının yaradılmasını, investisiya və ticarət kimi sahələrdə müxtəlif sektorlar arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün iki qardaş ölkədə əlverişli resursların istifadə edilməsinə imkan yaradan qarşılıqlı fikrin formalaşmasını vurğulayır.
Sudan Hökuməti fürsətdən istifadə edərək, Azərbaycan və Sudan arasında mövcud olan münasibətlərin daha da möhkəmlənəcəyinə və bu əlaqələrin iki qardaş ölkənin maraqlarının həyata keçirilməsi ilə gələcək illərdə də inkişaf edəcəyinə əminliyini bildirir.