MƏDƏNİYYƏT
Azərbaycan və Tacikistan arasında mədəniyyət sahəsində əlaqələrin genişləndirilməsi məsələsi müzakirə olunub
Azərbaycanın Tacikistandakı səfirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə cari ilin oktyabrında keçirilməsi nəzərdə tutulan mədəni tədbirlər barədə fikir mübadiləsi aparılıb.
Görüşdə Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasının Düşənbə şəhərindəki S.Ayni adına Opera və Balet Teatrında yenidən səhnəyə qoyulması, ulu öndər Heydər Əliyev haqqında yazıçı-publisist E.Axundovanın “Heydər Əliyev: Şəxsiyyət və zaman”, N.Zinkoviçin “Həyatın kəşməkəşləri” və ingilis müəllifi Qrey Vilsonun Azərbaycan Prezidenti İlham Əliyev haqqında yazdığı “İlham: Portrait of a President” kitablarının Azərbaycan Respublikasının Tacikistandakı səfirliyinin təşəbbüsü və maliyyə dəstəyi ilə tacik dilində tərcümə və çap edilmiş nüsxələrinin təqdimat mərasimlərinin keçirilməsi, ustad dərsləri və qala-konsertin təşkili məsələləri əsas müzakirə mövzusu olub.
A.Həsənov “Əsrin müqaviləsi”nin imzalanmasından keçən 20 il ərzində Azərbaycanda müşahidə olunan inkişafdan danışıb, ölkəmizin əldə etdiyi uğurlar barədə məlumat verib. Səfir bildirib ki, Azərbaycan xalqının və dövlətinin taleyini dəyişən “Əsrin müqaviləsi”nin imzalanmasında ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətləri olub.
Görüşdə ölkələrimizin stabil inkişaf yolu ilə irəliləməsi məmnunluqla vurğulanıb, bütün sahələrdə, o cümlədən mədəniyyət sahəsində əlaqələrimizin daha da genişləndirilməsinin vacibliyi qeyd edilib.