ORDU
Azərbaycan və Türkiyə Silahlı qüvvələrinin birgə taktiki təlimləri keçirilir VİDEO
Bakı, 12 may, AZƏRTAC
Hərbi əməkdaşlıq haqqında sazişə əsasən, Azərbaycan və Türkiyə Silahlı qüvvələrinin mayın 12-dən başlanan birgə taktiki təlimlərinin ilk mərhələsi keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təlimlərdə 1000 nəfərədək şəxsi heyət, 80-dək zirehli texnika, 60-dan çox artilleriya qurğusu və minaatan, Hərbi Hava Qüvvələrinin 12 döyüş və nəqliyyat helikopteri, həmçinin qruplaşmanın havadan mühafizəsi məqsədilə müasir müdafiə kompleksləri ilə silahlanmış hava hücumundan müdafiə və zenit-raket bölmələri iştirak edir.
Təlimlərin əsas məqsədi Azərbaycan və Türkiyə Silahlı qüvvələri arasında təcrübə mübadiləsini həyata keçirməklə əlaqələndirməni inkişaf etdirmək, qərargahların müştərək planlaşdırmanı, bölmələrin hazırlığı və əməliyyatları icra etmə qabiliyyətini yüksəltməklə iki ölkənin hərbi bölmələrinin qarşılıqlı fəaliyyətinə nail olmaqdır.
Təlimlərdə müdafiə olunan düşmənə qarşı birgə hücum əməliyyatlarının təşkili və aparılması, zirehli qrupların düşmənin müdafiə xəttini yarmaqla təyin olunmuş istiqamətdə əlverişli həddi ələ keçirməsi, taktiki hava desantının düşmən bölmələrinin arxasına atılması, hücumda olan qoşunların dəstəyi üzrə hava hücumundan müdafiə qoşunlarının qarşılıqlı fəaliyyəti məsələlərinin öyrənilməsi mövzularında tapşırıqlar icra ediləcək. Motoatıcı və tank bölmələri, raket və artilleriya qurğuları, zenit-raket kompleksləri və helikopterlər döyüş atışlı mərmi və raket buraxılışlarını yerinə yetirəcək.
Təlimlər mayın 16-dək davam edəcək.