REGİONLAR
Azərbaycan və Türkiyənin gömrük xidmətləri əməkdaşları hüquqpozmalara qarşı birgə mübarizə məsələlərini müzakirə ediblər
Naxçıvan, 2 iyun, AZƏRTAC
Naxçıvanda Azərbaycan və Türkiyənin gömrük xidmətlərinin əməkdaşları arasında hüquqpozmalara qarşı mübarizədə qarşılıqlı əməkdaşlığın gücləndirilməsi mövzusunda işgüzar görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüş iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül dəstələri qoyub, Heydər Əliyev Muzeyini ziyarət ediblər.
Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsində keçirilən görüşdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Baba Salayev qeyd edib ki, son illər iki ölkə arasında gömrük sahəsində qarşılıqlı əməkdaşlığın artırılması üçün mühüm işlər görülüb.
Birgə əməkdaşlıq nəticəsində hüquqpozma hallarının azaldığını qeyd edən Türkiyə Respublikası Gömrük və Ticarət Nazirliyinin Gömrüklərin Mühafizəsi İdarəsinin rəisi Abudallah Soylu bu istiqamətdə işlərin daha da gücləndirilməsinin vacibliyini qeyd edib.
Tərəflər qarşılıqlı görüşün Naxçıvanda keçirilməsinin həm də rəmzi məna kəsb etdiyini vurğulayaraq, iki qardaş ölkənin məhz bu qədim oğuz yurdu vasitəsilə bir-birinə birləşdiyini qeyd ediblər.
Görüşdə hüquqpozmalara qarşı mübarizə sahəsində qarşılıqlı əməkdaşlıq, qaçaqmalçılıqla birgə mübarizə, məlumat mübadiləsi, risk analizi, seminar və kursların təşkili və digər məsələlər müzakirə olunub, bu sahədə işlərin icrası üçün məsul şəxslər müəyyənləşdirilib.
Sonda xatirə hədiyyələri təqdim olunub.