CƏMİYYƏT


Azərbaycan və Türkmənistan Daxili İşlər nazirlikləri arasında imzalanan Saziş əməkdaşlığın genişlənməsinə təkan verəcək

Bakı, 9 avqust, AZƏRTAC

Avqustun 8-də Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun başçılıq etdiyi nümayəndə heyətinin tərkibində respublikamızda rəsmi səfərdə olan bu ölkənin daxili işlər naziri, polis general-mayoru İsgender Mulikov ilə görüşüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazir xalqlarımız arasında çoxəsrlik tarixi dostluq və qardaşlıq əlaqələrinin mövcudluğunu, prezidentlər İlham Əliyevin və Qurbanqulu Berdiməhəmmədovun siyasi iradəsinə uyğun olaraq əməkdaşlığın bütün sahələrdə dərinləşdiyini xüsusi qeyd edib. Səfər çərçivəsində Bakıda aparılan yüksək səviyyəli danışıqların, dövlət başçılarının iştirakı ilə “Azərbaycan Respublikası ilə Türkmənistan arasında Strateji tərəfdaşlıq haqqında Bəyannamə”nin, müxtəlif sahələri əhatə edən hökumətlərarası sənədlərin, o cümlədən “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Türkmənistanın Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında“ Sazişin imzalanmasının, xüsusən adıçəkilən Bəyannamədə əsas faktorlardan və elementlərdən biri kimi təhlükəsizlik məsələlərinin öz əksini tapmasının əhəmiyyətindən danışan R.Usubov ölkələrimiz arasındakı mehriban qonşuluq və strateji tərəfdaşlıq münasibətlərinin keyfiyyətcə yeni səviyyəyə qalxmasından, hərtərəfli inkişaf və inteqrasiya proseslərinin daxili işlər orqanlarını da əhatə etməsindən məmnunluğunu bildirib.

Ətraflı məlumata görə təşəkkür edən İsgender Mulikov imzalanmış Sazişin iki ölkənin Daxili İşlər nazirlikləri arasında əməkdaşlığın daha da genişləndirilməsinə yeni təkan və impuls verəcəyinə əminliyini, Türkmənistan tərəfinin bu istiqamətdə öz səylərini əsirgəməyəcəyini vurğulayıb.

Görüşdə əməkdaşlığın prioritet istiqamətləri və perspektivləri, beynəlxalq terrorçuluq, narkotiklərin qanunsuz dövriyyəsi, habelə transmilli mütəşəkkil cinayətkarlığın digər növləri ilə mübarizə, informasiya mübadiləsinin intensivləşdirilməsi, həmçinin yeni imzalanmış Sazişin müddəalarından irəli gələn öhdəliklərin icrası və qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.