RƏSMİ XRONİKA


Azərbaycan və Ukrayna Prezidentləri Şurasının Beşinci İclası olub VİDEO

A+ A

Bakı, 14 iyul, AZƏRTAC

İyulun 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ukrayna Prezidenti Petro Poroşenkonun təkbətək görüşündən sonra iki ölkənin Prezidentləri Şurasının Beşinci İclası olub.

İclasda Azərbaycan və Ukrayna nümayəndə heyətlərinin üzvləri iştirak ediblər.

Azərbaycan Prezidenti İlham Əliyev bugünkü görüşdə ikitərəfli münasibətlərimizin müxtəlif sahələri üzrə geniş müzakirələrin aparıldığını bildirdi. Bu səfərin əlaqələrimizin inkişafında önəmini qeyd edən dövlətimizin başçısı Azərbaycan Respublikası və Ukrayna Prezidentləri Şurasının Beşinci İclasının müzakirələrin aparılması və qərarların qəbul edilməsi üçün yaxşı imkan yaratdığını vurğuladı. Prezident İlham Əliyev dedi ki, qarşılıqlı maraqlar nəzərə alınmaqla müzakirə olunacaq məsələlərin həlli üçün yaxşı potensial var. Dövlətimizin başçısı ümidvar olduğunu bildirdi ki, Ukrayna Prezidenti Petro Poroşenkonun Azərbaycana ilk səfəri ölkələrimiz arasında müxtəlif sahələr üzrə qarşılıqlı fəaliyyətin müəyyənləşdirilməsi və Azərbaycan ilə yaxından tanış olmaq üçün yaxşı imkan yaradacaq.

Nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirən Ukrayna Prezidenti Petro Poroşenko ölkəmizin paytaxtında ilk saatlardan gördüklərinin onlarda dərin təəssürat yaratdığını bildirdi. O, Bakının təkcə gözəlliyini deyil, paytaxtdakı insanların yüksək əhval-ruhiyyəsini də müşahidə etdiklərini vurğuladı və ilk dəqiqələrdən nümayəndə heyəti üzvlərinin özlərini çox qonaqpərvər ölkədə hiss etdiklərini dedi.

İclasda siyasi, iqtisadi, energetika, nəqliyyat, humanitar və digər sahələrdə əməkdaşlıqla bağlı gündəlikdə duran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır