İQTİSADİYYAT
Azərbaycan və Ukrayna arasında “Asan İmza” elektron sənədi imzalanıb
Bakı, 7 oktyabr, AZƏRTAC
Kiyevdə keçirilən 3-cü beynəlxalq “Ukrayna Açıq Açar İnfrastrukturu Forumu” çərçivəsində Azərbaycan və Ukrayna arasında “Asan İmza” elektron sənədi imzalanıb.
“B.EST Solutions” şirkətindən AZƏRTAC-a bildirilib ki, forumda Azərbaycanı “Asan İmza” gücləndirilmiş mobil elektron imza xidmətinin operatoru “B.EST Solutions” şirkətinin rəhbəri Yana Krimpe təmsil edib. O, “Rəqəmsal Ukraynadan vahid rəqəmsal bazara” adlı plenar sessiyasında Azərbaycanın “Asan İmza” texnologiyasını təqdim edərək, bu texnologiyanın dövlət və cəmiyyət həyatının müxtəlif sahələrində tətbiqinin üstünlükləri və faydaları barədə söz açıb. Azərbaycanın elektron hökumətin tətbiqi və elektron cəmiyyətin formalaşdırılması sahəsində təcrübəsindən bəhs edən Y.Krimpe vahid elektron məkan olan “Elektron Hökumət” portalı və çoxsaylı korporativ elektron platformalar üzərindən ölkə əhalisinin istifadəsinə açıq olan dövlət və özəl sektor xidmətlərinin davamlı elektronlaşdırılması tendensiyasını da vurğulayıb. Qeyd olunub ki, hazırda bütün bu elektron xidmətlər açıq açar infrastrukturuna əsaslanan və vətəndaşa elektron mühitdə şəxsiyyətini təsdiq etməyə imkan verən “Asan İmza” gücləndirilmiş mobil elektron imza vasitəsilə istifadə oluna bilər.
Y.Krimpe “Asan İmza” xidmətinin istifadəsi ilə bağlı statistik göstəricilər də diqqətə çatdırıb. Forum iştirakçılarına Azərbaycanda “Asan İmza” vasitəsilə mümkün olan və Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, “Elektron Hökumət” və “ASAN Ödəniş” portalları, həmçinin maliyyə sektoru tərəfindən təqdim edilən innovativ xidmətlər barədə məlumat verilib.
Forum çərçivəsində “Asan İmza” mobil gücləndirilmiş e-imza sisteminin Ukrayna Ədliyyə Nazirliyinin akkreditasiyadan keçmiş sertifikat mərkəzi ilə inteqrasiyası da nümayiş edilib ki, bunun da sayəsində Azərbaycan və Ukrayna elektron imza ekosistemlərinin bir-biri ilə qarşılıqlı əlaqəsi mümkün olacaq.
Tədbir zamanı ilk dəfə olaraq Azərbaycan və Ukrayna arasında “Asan İmza” elektron sənədi imzalanıb. Həmçinin Ukrayna Ədliyyə Nazirliyinin milli kök sertifikat mərkəzi, Azərbaycan Vergilər Nazirliyinin “Asan” sertifikat xidmətləri mərkəzi və “B.EST Solutions” şirkətinin birgə əməkdaşlığı ilə Ukrayna sertifikat mərkəzinin təqdim etdiyi sertifikatla çalışan Ukrayna mobil rəqəmsal imza xidmətinin pilot versiyası da təqdim edilib.
Cəlbedici ixrac potensialına malik “Asan İmza” texnologiyası mütəmadi olaraq bu kimi müxtəlif beynəlxalq sahəvi tədbirlərdə “Made in Azerbaijan” şüarı altında təmsil edilir. “B.EST Solutions” şirkəti qabaqcıl mobil identitet və imza texnologiyasının tətbiqi və istifadəsi, eləcə də mobil imza xidmətinin dövlət və özəl elektron sistemlərlə qarşılıqlı əlaqəsi sahəsində Azərbaycanın qazandığı nailiyyətlərin təqdimatı məqsədilə bu kimi beynəlxalq tədbirlərdə fəal iştirak edir.
“Asan İmza” Azərbaycanda vahid elektron hökumət konsepsiyasının mühüm komponentini təşkil etməklə yanaşı, özəl sektorun elektron xidmətlərinin göstərilməsində də istifadə olunur. Hazırda ölkədə bir çox banklar, sığorta şirkətləri, onlayn ödəniş portalları öz elektron sistemlərində mobil imza xidmətindən fəal şəkildə yararlanır.