CƏMİYYƏT


Azərbaycan və Ukrayna arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub

A+ A

Bakı, 15 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Ukrayna Respublikasının ölkəmizdəki səfiri Aleksandr Mişenko ilə görüş olub.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ölkəmizdə dayanıqlı sosial-iqtisadi inkişafın təmin edilməsi sahəsində əldə olunan nailiyyətləri diqqətə çatdırıb. Nazir Azərbaycan Prezidenti İlham Əliyevin sosial inkişaf kursunun ölkədə əhalinin sosial müdafiəsinin gücləndirilməsi yönündə də mühüm addımların atılmasına şərait yaratdığını vurğulayıb, respublikada əmək və sosial müdafiə sistemində şəffaflığın təmin edilməsi, səmərəli iş üsullarının tətbiqi, bu məqsədlə idarəetmə və xidmətlər sisteminin avtomatlaşdırılması sahəsində görülən işlər barədə məlumat verib. O, Azərbaycanın əmək və sosial müdafiə sahəsində avtomatlaşdırılmış iş və xidmət sistemlərinin mütərəqqi təcrübə nümunələri kimi BMT-nin “Ərəb ölkələri, Avropa və MDB regionlarında Cənub-Cənub Əməkdaşlığı çərçivəsində Əməkdaşlıq Mexanizmləri və Həllər” adlı portalında yerləşdirilərək, dünyada təbliğ olunduğunu qeyd edib.

Fəaliyyət sahələrində aparılan islahatlarda beynəlxalq əməkdaşlıq şəraitində təcrübə mübadilələrinə xüsusi önəm verildiyini vurğulayan S.Müslümov eyni zamanda Ukrayna ilə əlaqələrin müsbət nəticələrinin olduğunu diqqətə çatdırıb: “Ötən dövrdə Ukrayna ilə əmək, məşğulluq və sosial müdafiə sahəsində əməkdaşlığa, habelə təqaüd, hərbi qulluqçuların, onların ailə üzvlərinin pensiya təminatına, hərbi qulluqçuların dövlət məcburi şəxsi sığortasına və s. dair müvafiq Sazişlər əsasında əməkdaşlıq əlaqələri həyata keçirilib. Eləcə də Azərbaycanda müvəqqəti işləyən Ukrayna və Ukraynada müvəqqəti işləyən Azərbaycan vətəndaşlarının əmək fəaliyyəti və sosial müdafiəsi haqqında Saziş mühüm önəm kəsb edir. Əməkdaşlıq əlaqələri həmçinin əlilliyi olan şəxslərin ixtisaslaşmış bərpa müalicəsinin təşkili sahəsini də əhatə edib. Beynəlxalq təşkilatlarda, o cümlədən BMT-nin və Avropa Şurasının sosial sahələrlə bağlı struktur bölmələrində, Beynəlxalq Əmək Təşkilatında, MDB-nin İcraiyyə Komitəsinin sosial məsələlər üzrə dövlətlərarası işçi qruplarında, MDB-nin iştirakçı dövlətlərinin əmək, miqrasiya və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasında qarşılıqlı maraq doğuran məsələlər üzrə fəal əməkdaşlıq mövcuddur. Ukraynanın aidiyyəti nazirliyi ilə əmək, məşğulluq, əhalinin sosial müdafiəsi, əmək miqrasiyası, işsiz və işaxtaran vətəndaşların peşə hazırlığı, peşə təlimi ilə bağlı modul proqramlarının hazırlanması üzrə yerli kadr potensialının möhkəmləndirilməsi, əlilliyin müəyyən olunması və bərpa müalicəsi sisteminin təkmilləşdirilməsi, digər müvafiq sahələrdə də təcrübə, informasiya və mütəxəssislər mübadiləsi aparılır”.

S.Müslümov iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsinin məqsədəuyğun olduğunu bildirib: “Ukrayna Respublikasının sosial siyasət naziri Andrey Revanın yaxın vaxtlarda ölkəmizə nəzərdə tutulan səfəri hesab edirəm ki, bu istiqamətdə növbəti addımların atılmasına imkan yaradacaq. Səfər çərçivəsində əmək, məşğulluq və sosial müdafiə sahəsində ikitərəfli əməkdaşlığın inkişafı ilə bağlı aparılacaq müzakirələr, əldə ediləcək razılaşma hər iki ölkənin müvafiq qurumları arasında əlaqələrin daha da fəallaşmasına və yeni mərhələyə yüksəlməsinə səbəb olacaq. Ukrayna ilə əmək, məşğulluq və sosial müdafiə, tibbi-sosial ekspertiza və reabilitasiya sahəsində əməkdaşlığın inkişafı üçün ötən müddətdə əldə olunmuş uğurlu əməkdaşlıq təcrübəsi bizə imkan yaradacaq ki, qarşıdakı dövrdə də həmin sahələrdə hər iki tərəf üçün faydalı olan əlaqələri inkişaf etdirək”.

A.Mişenko Azərbaycanda əhalinin etibarlı sosial müdafiə sistemi ilə təmin edilməsi istiqamətində görülən işləri, qazanılmış müsbət nəticələri maraqla izlədiklərini və iki ölkə arasında əhalinin sosial müdafiəsi sahəsində əməkdaşlığın səviyyəsinin məmnunluq doğurduğunu ifadə edib. Ukrayna səfiri ölkəsinin sosial siyasət nazirinin cari ilin oktyabr ayında Azərbaycana planlaşdırılan səfərinin detalları barədə məlumat verərək, bu səfərin ölkələrimizin müvafiq sahələrdə əməkdaşlığın genişlənməsinə xidmət edəcəyini vurğulayıb.

Görüşdə Azərbaycan və Ukrayna arasında əmək, məşğulluq, sosial müdafiə sahələrində əlaqələrin, o cümlədən təcrübə mübadilələrinin genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.