CƏMİYYƏT
Azərbaycan və Ukrayna veteranları arasında əməkdaşlıq əlaqələri genişlənir
Bakı, 1 iyul, AZƏRTAC
Azərbaycan Respublikası Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilovun rəhbərlik etdiyi nümayəndə heyətinin Ukraynada səfərdə olub.
Təşkilatdan AZƏRTAC-a bildiriblər ki, səfər çərçivəsində Cəlil Xəlilov Ukrayna Müharibə Veteranları Cəmiyyətinin rəhbər işçiləri ilə görüşüb.
Görüşdə Ukraynanın sabiq müdafiə naziri və Azərbaycan Silahlı Qüvvələrinin Ukraynadakı hərbi attaşeliyinin nümayəndəsi də iştirak ediblər.
Ukrayna Müharibə Veteranları Cəmiyyəti sədrinin birinci müavini, ehtiyatda olan polkovnik Viktor Şamray təmsil etdiyi təşkilat haqqında ətraflı məlumat verib. O, hər iki ölkənin müvafiq qurumları arasında əlaqələrin daha da dərinləşdirilməsinin əhəmiyyətini vurğulayıb və C.Xəlilova medal təqdim edib.
C.Xəlilov Azərbaycan Respublikası Veteranlar Təşkilatının fəaliyyəti barədə görüş iştirakçılarına məlumat verib, qurumun ölkə daxilində və beynəlxalq səviyyədə gördüyü işlərdən söz açıb. Bildirib ki, dövlət tərəfindən maliyyələşdirilən təşkilat Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın tam qayğısı ilə əhatə olunub. Bu gün Azərbaycanda veteranların sosial problemləri dərhal həll edilir, onlara yüksək diqqət və qayğı göstərilir.
C.Xəlilov Azərbaycan və Ukrayna xalqları arasında dostluq münasibətlərinin möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə bir sıra şəxslərə Respublika Veteranlar Təşkilatının medallar təqdim edib.
Ukrayna Baş nazirinin sabiq müavini, keçmiş müdafiə naziri Valeri Şmarov ulu öndər Heydər Əliyevlə bağlı xoş xatirələrini danışıb.
Görüşdə hər iki qurum arasında əlaqələrin genişləndirilməsinin, qarşılıqlı səfərlərin təşkilinin, beynəlxalq tədbirlər çərçivəsində görüşlərin keçirilməsinin vacibliyi qeyd edilib.