İQTİSADİYYAT
Azərbaycan və Yaponiya hökumətləri arasında qeyri-layihə qrant yardımına dair nota və digər müvafiq sənədlər imzalanacaq
Bakı, 4 avqust, AZƏRTAC
Avqustun 6-da Yaponiyanın Azərbaycandakı səfirinin iqamətgahında Yaponiya Hökumətinin İnkişafa Rəsmi Yardım (ODA) Proqramı çərçivəsində “Yaponiyanın kiçik və orta həcmli şirkətlərinin məhsullarının təminatı” üçün qeyri-layihə qrant yardımı xətti üzrə mübadilə olunacaq nota və digər müvafiq sənədlərin imzalanması mərasimi keçiriləcək.
Yaponiyanın Bakıdakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, qeyri-layihə üzrə qrant yardımı xəttinin əsas məqsədi Yaponiyanın kiçik və orta həcmli müəssisələrinin səmərəli və istifadəsi rahat olan texnologiyalarından istifadə edərək inkişaf etməkdə olan ölkələrin iqtisadi və sosial inkişafına yardım göstərməkdir. Bu sxem ODA Proqramının bir hissəsi olaraq Yaponiyanın kiçik və orta həcmli müəssisələrinin yüksək texnologiyalarından istifadə etməklə Azərbaycanın kənd təsərrüfatı sektorunun inkişafına töhfəsini verəcək. Hazırkı layihə üçün Yaponiya Hökumətinin ayırdığı qrantın məbləği 100 milyon Yapon yenidir (təxminən 909,090 ABŞ dolları).
Yaponiya Hökuməti ODA proqramını ölkənin infrastrukturunun - enerji, su təchizatı, kənd təsərrüfatı və insan resurslarının daha da inkişaf etməsi üçün həyata keçirmək niyyətindədir.
Yaponiyanın Azərbaycana ayırdığı inkişaf üçün rəsmi yardımın ümumi məbləği iqtisadi infrastrukturun yaxşılaşdırılması, kənd təsərrüfatı, sosial sahə, mədəniyyət və insan resurslarının inkişafı kimi geniş sahələri əhatə etməklə (güzəştli kredit layihələri daxil olmaqla) 1,1 milyard dolları keçib.