SİYASƏT
Azərbaycan və Zimbabve parlamentləri arasında əlaqələrin genişləndirilməsi ilə bağlı müzakirələr aparılıb
Bakı, 29 iyul, AZƏRTAC
Azərbaycanın Cənubi Afrika Respublikası (CAR), eyni zamanda Zimbabvedəki səfiri Elxan Poluxov Zimbabveyə rəsmi səfəri zamanı bu ölkənin parlamentinin spikeri Cakob Fransis Mudenda ilə görüşüb.
Azərbaycanın CAR-dakı səfirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə E.Poluxov Milli Məclis və onun strukturu barədə məlumat verərək parlamentlərarası əlaqələrin genişləndirilməsinin vacibliyini qeyd edib. O, müasir beynəlxalq aləmdə parlament diplomatiyasının xüsusi rol oynadığını və bu səpkidə hər iki ölkənin qanunvericilik orqanları arasında əlaqələrin möhkəmləndirilməsinin və genişləndirilməsinin önəmini xüsusi vurğulayıb. Diplomat Azərbaycanın 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olduğu müddətdə Afrika qitəsini narahat edən bir çox məsələlərlə bağlı dəstək nümayiş etdirdiyini bildirib.
Səfir ölkəmizin son illər bir sıra beynəlxalq tədbirlərin mərkəzinə çevrildiyini, 2016-cı ildə Bakıda BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun keçiriləcəyini diqqətə çatdıraraq Zimbabvenin də bu tədbirdə təmsil olunacağına ümid etdiyini bildirib.
Cakob Fransis Mudenda Azərbaycanın beynəlxalq aləmdə baş verən proseslərdə fəal rol oynadığını yüksək qiymətləndirərək hər iki ölkənin qanunvericilik orqanları arasında beynəlxalq təşkilatlar çərçivəsində qurulan əlaqələrin vacibliyini vurğulayıb və bu əlaqələrin genişləndirilməsinə xüsusi önəm verdiklərini qeyd edib.
Sonra səfir həmsöhbətinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verərək beynəlxalq ictimaiyyətin suveren ölkələrin ərazi bütövlüyü prinsipinin qorunmasında bir mövqedən çıxış etməsinin zəruriliyini vurğulayıb və bu məsələ ilə bağlı Heydər Əliyev Fondu tərəfindən hazırlanmış çap materiallarını qarşı tərəfə təqdim edib. C.F.Mudenda Zimbabvenin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini hər zaman dəstəklədiyini və BMT-də bu məsələnin müzakirəsi zamanı ölkəmizə dəstək verdiyini söyləyib.
Görüşün sonunda ölkələrimiz arasında əlaqələrin genişləndirilməsi üçün qarşılıqlı səfərlərin təşkilinə dair razılıq əldə edilib.
Səfir E.Poluxov Zimbabvenin Nəqliyyat və İnfrastrukturun İnkişafı Nazirliyinin baş katibi Minosuşe Munodvave ilə də görüşüb. O, baş katibə Azərbaycanda son on il ərzində həyata keçirilən regional və beynəlxalq əhəmiyyətli nəqliyyat və infrastruktur layihələri barədə məlumat verib və ölkəmizin Şərq ilə Qərbi birləşdirən logistik mərkəzə çevrildiyi bildirib.
M.Munodvave Zimbabvenin Afrikanın Alt Səhra bölgəsinin hər bir hissəsinə aparan əsas nəqliyyat mərkəzi olduğunu, ölkədə bir neçə kontinentin mərkəzinə aparan dəmir və avtomobil yollarının mövcud olduğunu söyləyib. Bununla yanaşı, o, nəqliyyat infrastrukturunun tam bərpası və genişləndirilməsi üçün böyük tələbatın olduğunu bildirərək Azərbaycanı bu məsələdə töhfə verməyə çağırıb.